"Ermənistanın Rusiyadan uzaqlaşması qaçılmaz prosesdir" - Tofiq Zülfüqarovla VİDEOMÜSAHİBƏ

"Ermənistanın Rusiyadan uzaqlaşması qaçılmaz prosesdir" - Tofiq Zülfüqarovla VİDEOMÜSAHİBƏ
SİYASƏT / MÜSAHİBƏ / Video

30 aprel 2021, 16:49

Mətn ölçüsü

 “Türkiyə-İsrail münasibətlərində Azərbaycan barışdırıcı halqa ola bilər”.

Bunu News24.az-a müsahibəsində keçmiş xarici işlər naziri, tanınmış politoloq Tofiq Zülfüqarov deyib.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Sizcə, ABŞ prezidenti Co Bayden Türkiyəyə qarşı “soyqırımı” silahından niyə məhz bu dönəmdə istifadə etdi?

- Baydenin “soyqırımı” silahından istifadə etməsinin 3 səbəbi var. Birinci səbəb ondan ibarətdir ki, indiki ABŞ adminstrasiyası əvvəlkilərə nisbətən ən ermənipərəst rəhbərlikdir. İkincisi, artıq ABŞ admnstrasiyası gördü ki, Türkiyəyə edilən təzyiqlərin heç bir nəticəsi yoxdur və sonuncu üsula əl atdı. Üçüncü səbəb isə Türkiyənin regionda aktivləşməsi və nüfuzunun artmasıdır ki, bu, ABŞ-ı narahat edir. Əsas narahatlıq isə odur ki, Türkiyə artıq regionda - Cənubi Qafqaz, Suriya, Liviya məsələlərində Rusiya ilə əməkdaşlıq etməyə üstünlük verir. S-400-lərin alınması, “Akkuyu” AES layihəsinin işə salınması, Qarabağdakı hadisələrdə Türkiyənin fəallığı, Rusiyanın bu savaşa göz yumması ABŞ-a xoş gəlməyən məsələlərdir.


- Bu bəyanatı Ermənistanın Qərbə meyillənməsi ilə əlaqələndirmək olarmı?

- Ermənistanda hazırda aktual olan məsələ budur ki, hakimiyyət Rusiyameyilli siyasət yürüdəcək, yoxsa, Rusiyadan uzaqlaşıb, Qərbyönlü siyasətə üstünlük verəcək? Hesab edirəm ki, Ermənistan Rusiyadan əl çəkəcək. Bu proses qaçılmazdır. Rusiya ilə 30 ilin dostluğu Ermənistanı zəiflətməkdən başqa bir işə yaramayıb. Bu baxımdan onların ayaqda qalması Qərbə yönəlməsindən asılıdır. Baydenin bəyanatını bu yaxınlaşmanın siqnalı kimi qəbul edə bilərik.

- Son hadisələrdən sonra Türkiyənin NATO-da olan mövqeyində dəyişiklik gözlənilirmi?

- Türkiyə-NATO əlaqələrində böhran çoxdan mövcuddur. Çünki vaxtilə Türkiyə “Patriot” raket sistemini almaq istəyəndə, ABŞ qadağa qoydu. Bu raketlər müvəqqəti olaraq Danimarkadan, Niderlanddan və digər ölkələrdən alındı. ABŞ Danimarkaya "Patriot" raketləri satır, ancaq NATO-da ikinci orduya malik olan Türkiyəyə satmaq istəmir. Bu, böhranın səviyyəsini göstərən amillərdən biridir. Ona görə də, Türkiyə Rusiya və Çinə müraciət etdi. Nəticə olaraq Rusiya bu silahları Türkiyəyə satdı. Artıq Türkiyə güclənib. Onun güclənən rolunu tanımaq istəyənlərlə yanaşı, qarşı çıxanlar da çoxdur. Türkiyə yürütdüyü siyasət nəticəsində beynəlxalq aləmdə özünə layiqli yer və mövqe tutub.  

- ABŞ prezidentinin bəyanatından ermənilər hansı formada istifadə etdi?


- Ermənilər yaxşı başa düşür ki, onlar bu bəyanatlarla Türkiyəyə ziyan vurmaq iqtidarında deyillər. Bayden bu bəyanatı verdi və ya vermədi, Türkiyəni o qədər də narahat etmir. Ermənilər bu məsələni Azərbaycana qarşı törətdiyi cinayətləri ört-basdır etmək üçün təbliğat kimi istifadə edir. Bizim reaksiyamız isə kəskin olub və olmalıdır da.

- Türkiyə ilə Ukrayna arasında əməkdaşlığın güclənməsi Türkiyə-Rusiya münasibətlərinə hansısa formada təsir edə bilərmi?

- Bizdə bu cür məsələləri təhlil edərkən bəzən sadə əsaslar nəzərə alınır.  Cəmiyyətdə əsasən "dostdursa, dost, düşməndirsə, düşmən olmalıyıq" fikri hökm sürür. Amma dövlətlərarası münasibətlər çox mürəkkəbdir. Ukrayna-Türkiyə münasibətləri yalnız "Bayraqdar" və dəstəklə bağlı deyil.  Buna misal kimi “FETO”çuların Ukrayna ərazisində faəliyyət göstərməsini qeyd edə bilərik. Ukrayna hökumətinin onları Türkiyəyə qaytarmasına imkan verməsi bu əlaqələri şərtləndirəm nüanslardan biridir. Türkiyə siyasəti əsrlərin təcrübəsinə söykənir. Türkiyə çox dəqiq xarici siyasət yürüdür. Ukrayna-Türkiyə əlaqələrinin güclənməsi ən çox Rusiyanı narahat edir. Cənubi Qafqaz məsələlərində də bu təzyiqlərin istifadə edilməsini heç cür istisna etmirəm. Bu, mürəkkəb bir siyasətdir. Həm taktiki, həm də strateji gedişləri var.


  - Bilirik ki, Qarabağda aktiv əməliyyatlar zamanı Türkiyə ilə yanaşı İsrail də Azərbaycanın yanında idi. Türkiyə-İsrail münasibətlərində Azərbaycanın barışdırıcı halqa olma ehtimalı varmı?

- Bəli, ola bilər. Həm Türkiyə, həm də İsrail bizə dost dövlətlərdir. Biz gördük ki, onların dəstəyi çox vacib və əhəmiyyətlidir. Ancaq bununla bərabər anlamalıyıq ki, hər bir ölkənin öz maraq dairələri mövcuddur. Azərbaycan bu məsələyə müsbət yanaşdığını və iki dövlət arasında dostluq əlaqələrinin qurulmasında müəyyən yardımlar etmək iqtidarında olduğunu bildirib. Hesab edirəm ki, addımbaaddım bu yaxınlaşma reallaşır. Strateji baxımdan da bu hadisə qaçılmazdır.

Müxbir: Məhərrəm Əliyev
VİDEO: Fərid Şabanov

YouTube