Quş qripi ilə bağlı aparılan monitorinqlərin nəticələri açıqlanıb
    • 8-12-2018, 16:00
    • 732

Quş qripi ilə bağlı aparılan monitorinqlərin nəticələri açıqlanıb

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublika ərazisində köçəri quşların miqrasiya marşrutlarının yerləşdiyi və havaların dəyişkənliyi nəzərə alınaraq ev quşları arasında, həyətyanı və kommersiya tipli quşçuluq təsərrüfatlarında immunoloji fonun müəyyən olunması məqsədilə epizootoloji monitorinqlər keçirilib.

Agentliyin mətbuat xidmətindənverilən məlumata görə, noyabrın 27-dən 30-dək Bakı şəhəri, Abşeron, Xaçmaz, Neftçala, Salyan və Ağcabədi rayonlarında aparılan monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyi və regional bölmələrinin, Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasının, Bərdə, Salyan, Sabirabad və Quba regional sınaq laboratoriyalarının, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Respublika Taun Əleyhinə Stansiyasının əməkdaşları iştirak ediblər.
Toplanılmış diaqnostik nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində monitorinq aparılan ərazilərdə quş qripi xəstəliyinə rast gəlinmədiyi məlum olub.

//AZƏRTAC