"ABŞ ilə İran arasında tezliklə sülh olmayacaq"

"ABŞ ilə İran arasında tezliklə sülh olmayacaq" Siyasət

İsveçrənin Bürgenştok kurortunda İran, ABŞ, Pakistan və Qətər rəsmilərinin iştirakı ilə keçirilən yüksək səviyyəli danışıqlar gözlənilən nəticəni verməyib. Müzakirələr zamanı ABŞ Prezidenti Donald Trampın sərt bəyanatları səbəbindən İran nümayəndə heyəti danışıqlar zalını tərk edib.

Tərəflər sonradan müzakirələri bərpa etsələr də, görüşün yekununda hər hansı ciddi razılaşma əldə olunmayıb. Bu isə regionda gərginliyin azalıb-azalmayacağı və Vaşinqton-Tehran münasibətlərinin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı sualları daha da artırıb.

Məsələ ilə bağlı News24.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, ABŞ və İran arasında qısa müddətdə hərtərəfli sülh sazişinin əldə olunacağını gözləmək real deyil:

“Belə mürəkkəb və uzun illərdir davam edən qarşıdurmanın qısa zaman ərzində tam həll olunacağına inanmıram. Hazırda hər iki tərəf öz mövqeyini gücləndirməyə və əldə etdiyi nəticələri ictimaiyyətə fərqli şəkildə təqdim etməyə çalışır. Xüsusilə İranda hakimiyyətdə qalan müəyyən dairələr vəziyyəti öz xeyirlərinə şərh edərək qalib görüntüsü yaratmağa cəhd göstərirlər. Lakin proseslərə obyektiv baxdıqda mənzərə daha fərqlidir".

Sabiq XİN bildirib ki, İrana qarşı irəli sürülən əsas tələblər məlumdur və onların icrası məsələsi gündəmdən çıxmayıb:

"İlk növbədə nüvə proqramı ilə bağlı məhdudiyyətlər və nəzarət mexanizmləri qüvvədə qalır. Bu istiqamətdə İranın imkanları ciddi şəkildə zəiflədilib. Eyni zamanda raket proqramı da əvvəlki potensialını böyük ölçüdə itirib. Son hadisələr və dağıntılar nəticəsində raket istehsalı və hərbi imkanların bərpası əvvəlki qədər asan görünmür. Digər mühüm məsələ İranın regiondakı müttəfiq və proksi qüvvələrə dəstəyidir. Hazırda Tehran bu mövzunun gündəmdə qalmasına çalışır. Xüsusilə Livan məsələsinin müzakirələrə çıxarılması da müəyyən mənada həmin təsir imkanlarını qorumaq cəhdi kimi qiymətləndirilə bilər".