ABŞ İrana qarşı HƏRƏKƏTƏ KEÇİR
Siyasət
ABŞ Yaxın Şərqdə 16 döyüş gəmisi, təxminən 40 min hərbçi və hər birində orta hesabla 70 təyyarə olan ən azı yeddi aviasiya qanadından ibarət böyük hərbi qüvvə toplayıb. Bu barədə Financial Times qəzeti məlumat yayıb.
News24.az xəbər verir ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp “nəhəng armadanın” İran istiqamətində hərəkət etdiyini bildirib və İslam Respublikasının danışıqlar masasına əyləşərək nüvə silahından tam imtinanı nəzərdə tutan “ədalətli və bərabərhüquqlu” sazişə razılaşacağına ümid etdiyini deyib.
Eyni zamanda İranın xarici işlər naziri Abbas Araqçi fevralın 8-də vurğulayıb ki, hərbi qarşıdurma təhlükəsi yaransa belə, ölkə uranın zənginləşdirilməsi hüququnu özündə saxlayır.
Nəşrin yazdığına görə, ABŞ-ın daha əvvəl İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində yerləşən bazalarda hər birində təxminən 70 hava texnikası olan beş aviasiya qanadı mövcud idi. Sonradan daha iki aviasiya qanadı — USS Abraham Lincoln və USS Gerald R. Ford aviadaşıyıcılarının üzərində yerləşdirilib.
Qəzet Tel Aviv University-nin məlumatlarına istinadən bildirir ki, İordaniyada yerləşən “Muvaffaq Salti” hərbi bazasında azı 66 qırıcı təyyarə mövcuddur. Bunlara 18 F-35, 17 F-15, səkkiz A-10, eləcə də radioelektron mübarizə təyyarələri və nəqliyyat təyyarələri daxildir. Peyk kəşfiyyatının məlumatlarına görə, Səudiyyə Ərəbistanındakı aviabazada da qırıcıların sayı artıb.
Məlumata əsasən, Trampın dəniz “armadasına” ümumilikdə 16 döyüş gəmisi və iki dəstək gəmisi daxildir. Regiondakı bazalarda və dənizdə isə təxminən 40 min ABŞ hərbçisi yerləşdirilib.(konkretaz)