Arzu Nağıyevə yüksək vəzifə verildi
Siyasət
Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin yeni tərkibdə komitə sədrləri seçilib. Onlardan biri də Milli Məclisin deputatı Arzu Nağıyevdir.
News24.az Globalinfo.az-a istinadla bildirir ki, o, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədri olub.
A.Nağıyev VI Milli Məclisin deputatı olub. 1 sentyabr 2024-cü ildə növbədənkənar parlament seçkilərində 105 saylı Tovuz-Gədəbəy seçki dairəsindən yenidən deputat seçilib.
Arzu Nağıyev 1963-cü il iyulun 27-də Tovuz rayonunda anadan olub. 1980-ci ildə rayonun Yusif Sadıxov adına Bozalqanlı kənd orta məktəbini qızıl medalla bitirib.1985-ci ildə Serqo Ordjonikidze adına Moskva İdarəetmə İnstitutunun Tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkili fakültəsindən mühəndis iqtisadçı ixtisası üzrə məzun olub. 1991-ci ildə isə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali kurslarını qırmızı diplomla başa vurub.
O, Qarabağ müharibəsi veteranıdır.