ATƏT-in Minsk qrupu artıq yoxdur
Siyasət
Avropa təhlükəsizlik və əməkdaşlıq təşkilatı (ATƏT) Minsk prosesi və onunla bağlı strukturların bağlanmasını tamamlayıb.
News24.az xəbər verir ki, bu barədə məlumat təşkilatın saytında dərc olunub.
“ATƏT Minsk prosesi və onunla əlaqəli strukturların bağlanması prosesini 30 noyabr 2025-ci il saat 23:59-da başa çatdırıb. Bu addım Ermənistan və Azərbaycanın ATƏT-in Finlandiya sədrliyinə birgə müraciətindən sonra, 1 sentyabr 2025-ci ildə qəbul edilmiş Nazirlər Şurasının qərarına uyğun olaraq həyata keçirilib.
Zəruri bütün inzibati prosedurların tamamlanması bağlanma prosesinin sonunu ifadə edir. Bu proses 1 sentyabr tarixində ATƏT-in bütün 57 iştirakçı dövlətinin konsensus qərarına əsasən həyata keçirilib. Həmin qərar isə 8 avqust 2025-ci ildə Vaşinqtonda Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyevin, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzaladıqları tarixi Birgə Bəyanatdan sonra qəbul olunub”, – deyə press-relizdə deyilir.