Azər Allahverənov: - “Prezidentin çıxışında mühüm mesajlar var idi”

Azər Allahverənov: - “Prezidentin çıxışında mühüm mesajlar var idi” Siyasət

III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı təkcə beynəlxalq ictimaiyyət üçün deyil, eyni zamanda Azərbaycanın milli maraqları baxımından da olduqca əhəmiyyətli idi.

Bu sözləri News24.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib.

Deputat qeyd edib ki, Prezidentin çıxışı proseslərin mərkəzində Azərbaycanın milli maraqlarının dayandığını bir daha nümayiş etdirdi:

“Bu çıxış sadəcə qlobal media nümayəndələri üçün deyil, Azərbaycanın daxili və xarici siyasət baxımından strateji mövqeyini aydın şəkildə ifadə edən bir çıxış idi. Cənab Prezident verdiyi bütün cavablarla həm Azərbaycanın dövlət maraqlarını ön planda saxladı, həm də beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini göstərdi”.

Azər Allahverənov bildirib ki, forum zamanı Prezidentə ünvanlanan suallar arasında bəziləri olduqca həssas və siyasi məzmunlu idi.

“Orada bəzi suallar var idi ki, bu sualların cavabında dövlət başçısının ritorikasında müəyyən açıq mesajlar hiss olunurdu. Bu da tamamilə başadüşüləndir. Prezident İlham Əliyev çox ustalıqla həmin məsələlərə toxundu, eyni zamanda ölkəmizin mövqeyini və beynəlxalq hüquqa əsaslanan haqlı yanaşmasını ortaya qoydu”, – deyə o əlavə edib.

Deputat xüsusilə Rusiya ilə bağlı bəzi fikirlərin kontekstdən çıxarılmaması üçün diqqətli yanaşma sərgiləməyin vacibliyini vurğulayıb:

“Rusiyada müəyyən dairələr, xüsusilə 'Z' blogerlər tərəfindən bu çıxışların bəzi elementləri fərqli şəkildə yozula bilər. Amma bu qətiyyən belə olmamalıdır. Burada söhbət konkret bir məsələ – AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı beynəlxalq ədalət sisteminə müraciətdən gedir. Əgər Azərbaycan bu məsələ üzrə təhqiqat materialları ilə tanış olmaq istəyirsə, bu, onun beynəlxalq hüquq çərçivəsində təbii haqqıdır".

Sonda Azər Allahverənov vurğulayıb ki, Prezidentin bu formatda jurnalist suallarına açıq və təmkinli şəkildə cavab verməsi, Azərbaycanın beynəlxalq arenada özünəinamlı və prinsipial mövqeyə sahib olduğunu bir daha sübut etdi:

“Bu forum həm də Azərbaycanın informasiya siyasətində yeni mərhələnin başlanğıcı sayıla bilər. Çünki Prezidentin media ilə bu qədər şəffaf və açıq dialoq şəraitində çıxış etməsi, jurnalistlərlə sərbəst debat aparması bizim həm söz azadlığına, həm də müstəqil media institutlarına verdiyimiz önəmin göstəricisidir".

Aqil Qarayev