Azərbaycan Hatay Bəyannaməsini dəstəklədi

Azərbaycan Hatay Bəyannaməsini dəstəklədi Siyasət

Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Hatay şəhərində keçirilmiş “Türkiyənin COP31-ə Gedən Yolu: Dayanıqlı Şəhərlər” adlı tədbirdə iştirak edib.

News24.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tədbir çərçivəsində panel müzakirələr, yüksək səviyyəli sessiya və nazirlərin dəyirmi masa görüşü keçirilib.

COP31-ə ev sahibliyi kontekstində təşkil olunan tədbirdə müxtəlif ölkələri təmsil edən nazirlər, nazir müavinləri və beynəlxalq təşkilatların rəhbərləri iştirak edib, “dayanıqlı şəhərlər” mövzusu üzrə iqlim dəyişmələrinə və təbii fəlakətlərə davamlı şəhərsalma məsələləri müzakirə edilib.

Nazir müavini Yalçın Rəfiyev yüksək səviyyəli sessiyada çıxış edərək tədbirin 3 il əvvəl dağıdıcı zəlzələyə məruz qalmış, ancaq Türkiyə hökumətinin səyləri nəticəsində qısa müddətdə bərpa edilmiş Hatay şəhərində keçirilməsinin xüsusi mənəvi əhəmiyyət daşıdığını vurğulayaraq bu nümunəvi təcrübənin müasir, iqlim dəyişmələrinə və təbii fəlakətlərə davamlı şəhərsalma modelinin praktik tətbiqini nümayiş etdirdiyini bildirib.

Həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq yaşıl, təhlükəsiz və dayanıqlı şəhərlərin inşa edildiyinə diqqət çəkərək 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunduğu qeyd edilib.

Y. Rəfiyev 17-22 may tarixlərində Bakı şəhərində keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) qlobal şəhərsalma gündəliyinə mühüm töhfə verəcəyini bildirib və COP31 və WUF prosesləri arasında əlaqələndirilmiş yanaşmanın vacibliyini vurğulayaraq Azərbaycanın bu istiqamətdə Türkiyənin COP31 sədrliyi ilə yaxından çalışmağa hazır olduğunu qeyd edib.

Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurumun sədrlik etdiyi nazirlərin dəyirmi masasında çıxış edən Y.Rəfiyev tədbirin sonunda qəbul edilən Hatay Bəyannaməsinə dəstək ifadə edərək, həmin Bəyannamədə ifadə edilmiş fikirlərin həm WUF13, həm də COP31 çərçivəsində beynəlxalq iqlim siyasətlərinə və dayanıqlı şəhərsalma gündəliyinə mühüm töhfə verməsini hədəflədiyini bildirib.