Azərbaycan Ukraynaya 1 milyon dollarlıq yardım göndərdi

Azərbaycan Ukraynaya 1 milyon dollarlıq yardım göndərdi Siyasət

Azərbaycandan Ukraynaya humanitar yardım çərçivəsində nəzərdə tutulan növbəti enerji avadanlığı yükü Kiyev şəhərinə təhvil verilib.

News24.az xəbər verir ki, enerji avadanlıqlarının təqdimat mərasimində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdalıyev, Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişçenko və digər rəsmi şəxslər iştirak ediblər.

Göndərilən avadanlığın ümumi dəyəri 1 milyon ABŞ dolları təşkil edir. Buraya 12 ədəd aşağı gərginlikli panel, 11 generator, 5 transformator, təxminən 27 min metr kabel və naqillər daxildir.

Ukraynanın energetika nazirinin müavini Nikolay Kolesnik bildirib ki, beynəlxalq ictimaiyyət ölkəsinin enerji infrastrukturunun bərpasına dəstəyini davam etdirir.

“Azərbaycan dövləti də Ukraynaya sistemli şəkildə dəstək göstərir. Göndərilən enerji avadanlıqları səhiyyə müəssisələri və digər sosialyönümlü obyektlərin enerji ilə təmin olunması üçün enerji və kritik infrastrukturun bərpasında istifadə ediləcək”, - deyə o qeyd edib.

Xatırladaq ki, Azərbaycanın Ukraynaya bərpa və yenidənqurma məqsədilə göstərdiyi humanitar dəstəyin həcmi 45 milyon ABŞ dollarını ötüb.