Azərbaycanda "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başladı
Siyasət
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində ölkəmizdə "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıb.
Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə brifinq zalında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnləri səsləndirilib.
Təlim üçün hazırlanmış videoçarx iştirakçılara nümayiş etdirilib.
Daha sonra inzibati məlumatlandırma, icra olunacaq təlim tapşırıqları haqqında brifinq təqdim olunub.
Qeyd edək ki, təlim iki ölkənin müştərək hava əməliyyatlarının planlaşdırılması və icrası üzrə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, şəxsi heyətin peşəkarlığının artırılması və koordinasiyanın gücləndirilməsi məqsədilə keçirilir.