Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Siyasət
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilib.
News24.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Qanunla məcəlləyə aşağıdakı məzmunda 37.1-ci maddə əlavə edilir:
"Maddə 37-1. İnzibati xəta törətmiş psixiatriya yardımına ehtiyacı olan şəxslərin psixiatriya müayinəsi
37-1.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün, yaxud başqa şəxslərin həyat və sağlamlığına təhlükə yaradarsa, inzibati xəta haqqında iş üzrə icraat aparan prokuror və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi barəsində icraat aparılan şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı qərar qəbul edərək psixiatriya müəssisəsinə müraciət edir.
37-1.2. Şəxsin barəsində psixiatriya müayinəsinin həyata keçirilməsi və onun psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq tənzimlənir".
Bundan başqa, yeni qanunla aşağıdakı məzmunda 371-2-ci maddə əlavə edilib:
"Maddə 371-2. Kibertəhlükəsizliyin təmini sahəsində normativ hüquqi aktların tələblərinin pozulması
371-2.1. Kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri, təhlükəsizlik əməliyyatları mərkəzləri, həmçinin informasiya infrastrukturunun subyektləri, o cümlədən internet informasiya ehtiyatlarının sahibləri, internet provayderlər və host provayderlər tərəfindən informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin görülməməsinə görə, yəni:
371-2.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi (kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması), habelə rəqəmsal tədqiqatın aparılması və nəticəsi barədə məlumatın təqdim edilməsi ilə əlaqədar göstərişlərinin yerinə yetirilməməsinə;
371-2.1.2. informasiya infrastrukturuna yönəlmiş kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər barədə məlumatların, habelə bu Məcəllənin 371-2.1.4-cü maddəsində qeyd edilən fəaliyyətlərin həyata keçirilməsi nəticəsində əldə edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal təqdim edilməməsinə;
371-2.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya infrastrukturunun kibertəhlükəsizlik vəziyyətinin öyrənilməsi, proaktiv kibertəhlükəsizlik tədqiqatının aparılması məqsədilə göndərdiyi sorğuların 24 saat, rəqəmsal tədqiqatın aparılması ilə bağlı göndərdiyi sorğuların isə 5 iş günü ərzində cavablandırılmamasına;
371-2.1.4. kiberinsidentlərin və kiberhücumların real vaxt rejimində fasiləsiz monitorinqinin və onlara qarşı ilkin texniki cavab tədbirlərinin həyata keçirilməməsinə;
371-2.1.5. ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturunun kibertəhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərin informasiya infrastrukturunun subyektləri, o cümlədən internet provayderlər, host provayderlər və internet informasiya ehtiyatının sahibləri tərəfindən pozulmasına;
371-2.1.6. rəqəmsal tədqiqatın və proaktiv kibertəhlükəsizlik tədqiqatına şəraitin yaradılmamasına, həmçinin rəqəmsal tədqiqat zamanı əldə olunan məlumatların bütövlüyünün qorunmamasına, onların dəyişdirilməsinə, silinməsinə və ya saxtalaşdırılmasına yol verilməsinə görə - vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
371-2.2. "Kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin və təhlükəsizlik əməliyyatları mərkəzlərinin reyestri"nə daxil edilmədən kompüter insidentlərinə qarşı mübarizə mərkəzi və təhlükəsizlik əməliyyatları mərkəzi kimi fəaliyyət göstərilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 371-2-ci maddəsinin qüvvəsi kritik informasiya infrastrukturuna, dövlət orqanlarına (qurumlarına), o cümlədən Azərbaycan Respublikasının Mərkəzi Bankına, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə, maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərə (bank, sığortaçı, təkrarsığortaçı, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, səhmdar investisiya fondu və investisiya fondunun idarəçisi, ödəniş xidmət təchizatçıları və s.) məxsus, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturuna, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinə və təhlükəsizlik əməliyyatları mərkəzlərinə şamil edilmir".
Eyni zamanda, yeni qanunla məcəlləyə aşağıdakı məzmunda 525.2-ci maddə əlavə edilir:
"525.2. Bu Məcəllənin 525.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -
oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə beş min manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur".
Dövlət başçısı yeni Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman da imzalayıb.