Azərbaycanda yeni nazirliyin yaradılması - təklif olundu

Azərbaycanda yeni nazirliyin yaradılması - təklif olundu Siyasət

"“Problemlərin həll edilməsi naziriliyi" və ya bunun kimi yeni bir qurumun yaradılmasına ehtiyac var.

News24.az xəbər verir ki, bynu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib. 

Onun sözlərinə görə, bu təklifin irəli sürülməsində məqsəd vətəndaşların gündəlik həyatlarında üzləşdiyi sadə, lakin uzun prosedurlu məsələlərin daha çevik və səmərəli şəkildə həllinə nail olmaqdır:

“Çox vaxt görürük ki, ayrı-ayrı nazirlik və dövlət komitələri arasında sanki səma rəqsində olduğu kimi dövr edən vətəndaşlarımız bir məsələni həll etmək üçün aylarla, bəzən illərlə qapı-qapı gəzirlər. Sadə bir arayış almaq, vətəndaş müraciətinə cavab tapmaq üçün insanlar böyük vaxt və enerji sərf edirlər. Bu, dövlət idarəçiliyində çevikliyin və koordinasiyanın artırılması zərurətini bir daha göstərir”.

Fazil Mustafa həmçinin qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN Xidmət” modeli bu sahədə inqilabi dəyişiklik yaradıb və vətəndaş məmnunluğunun ən yüksək səviyyədə təmin olunduğu uğurlu mexanizmə çevrilib:

“ASAN Xidmət insanları bir çox hallarda korrupsiya və bürokratik əngəllərdən xilas etdi. Artıq insanlar adi məsələləri həll etmək üçün saatlarla, bəzən günlərlə növbələrdə gözləmək məcburiyyətində qalmırlar. Bu sistemin genişləndirilməsi və onun prinsiplərinin digər sahələrə də tətbiqi vacibdir”.

Deputat sonda əlavə edib ki, Problemlərin həll edilməsi nazirliyi kimi bir struktur yaradılarsa, o, müxtəlif dövlət orqanları arasında əlaqələndirici rol oynayaraq vətəndaş müraciətlərinin operativ, şəffaf və ədalətli şəkildə həllini təmin edə bilər.

Aqil Qarayev