"Azərbaycan yeni müharibəyə HAZIRDIR, bunu Ermənistanı MÜDAFİƏ EDƏNLƏR də bilsinlər" - DEPUTAT- VİDEO

"Azərbaycan yeni müharibəyə HAZIRDIR, bunu Ermənistanı MÜDAFİƏ EDƏNLƏR də bilsinlər" - DEPUTAT- VİDEO Siyasət
"ATƏT-in Minsk qrupu beynəlxalq hüquqa və BMT-nin ona verdiyi mandata hörmət edirdisə, artıq özünü buraxmalı idi". 

Bunu News24.az-a müsahibəsində millət vəkili Hikmət Babaoğlu deyib. Onunla müsahibəni təqdim edirik:

- Xoş gördük, Hikmət müəllim. Bu gün sizinlə aktual olan məsələlərdən danışacağıq. Elə gəlin, əvvəlcə İran məsələsindən başlayaq. 
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə Türkiyə və Azərbaycanın Xəzər dənizindəki birgə təlimlərindən narahatlığını dilə gətirib. S.Xətibzadə deyib ki, Xəzər anlaşmasına əsasən, 5 sahilyanı ölkədən başqa hər hansı bir dövlətin Xəzərdə hərbi gücə sahib olması qadağandır və bu məsələ araşdırılır. 
İranın belə bir fikir səsləndirməyə haqqı çatırmı? Sizcə, İran Qarabağa daşıdığı qanunsuz yükləri ört-basdır etmək üçün belə bir bəyanat verib, yoxsa məsələnin görünməyən tərəfləri var? 

- Xəzərdə hərbi təlimlərin keçirilməsi Azərbaycanın daxili işidir. Beynəlxalq hüquqla tanınan ərazilərimizdə konstitusiyamıza zidd olmadığı halda, Azərbaycanın hər hansısa bir addım atmaq hüququ var. Biz bilirik ki, Xəzərdəki təlimlər bizim konstitusiyamıza zidd deyil. Türkiyə və Azərbaycan arasında hərbi ittifaq, əməkdaşlıq haqqında qanun və 2020-ci il may ayında Şuşa Bəyannaməsi imzalanıb. Bu çərçivədə qardaş Türkiyə ilə planlı şəkildə hərbi təlimlər həyata keçirilir. Xəzərdə hərbi güc və ya baza saxlamaqla Xəzərin Azərbaycana aid olan sektorunda birgə təlimlər keçirmək ayrı mahiyyəti ifadə edir. 

Əslində, İran tərəfi aydınlıq gətirməlidir ki, nəyə görə onlara aid nəqliyyat vasitəsələri, yüklər Azərbaycanın icazəsi olmadan ərazilərimizə daxil olur? Kimsə hadisələri manipulyasiya edib, Azərbaycana mesaj vermək istəyirsə, bu, diplomatik etika və beynəlxalq hüquq baxımından heç də uğurlu üsul deyil. Hər kəs əmin olsun ki, Azərbaycan bundan sonra bütün ərazilərini, o cümlədən Laçın dəhlizindən daxil olan yükləri vaxtı çatanda nəzarətə götürəcək. Azərbaycanda fəaliyyət göstərən Rusiya sülhməramlılarının ölkəmizdəki fəaliyyəti isə müvəqqətidir. 

- Sülhməramlılardan söz düşmüşkən, gəlin elə bu məsələyə də toxunaq. Qarabağdakı sülhməramlıların “düşmən dəyirmanına su tökməyi” və məsələlərə qərəzli münasibəti xalqımız tərəfindən daim qınanılıb. Siz bu barədə nə düşünürsünüz?


- Sülhməramlılar bir şeyi unutmamalıdırlar: Onlar Azərbaycanın razılığı ilə 2020-ci il 10 Noyabr razılaşmasında əksini tapan bəndin tələblərinə uyğun olaraq xüsusi missiya ilə Azərbaycan ərazisində fəaliyyət göstərirlər. Sülhməramlıların missiyası Ermənistan silahlı qüvvələr və terrorçuları ərazilərimizdən uzaqlaşdırmaq idi. Lakin bu, baş tutmadı. Sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdən hələ də Azərbaycanın məntəqələri atəşə tutulur. Bu, yolverilməzdir. Sülhməramlıların fəaliyyəti dövründə işğaldan azad edilən ərazilərimizdə yaşayan erməni icması Azərbaycan cəmiyyətinə inteqrasiya olmalı idi. Biz isə tamamilə əksinə şahid olduq. Azərbaycan ictimaiyyətinin narazılığı haqlıdır. Ümid edirik ki, yeni generalın komandan təyin olunmasından sonrakı mərhələdə  bu məsələ öz həllini tapacaq. 

-Son günlər Azərbaycan, Türkiyə və Pakistanın ortaq təlimlər keçdiyinə şahid olduq. Bu təlimlər nəyə işarədir? Ümumiyyətlə, Qarabağda hadisələr yenidən alovlana bilərmi?
 

- Gələcək multikultural nizamın əsas aktorlarından biri olan Hindistanla yanaşı üçüncü güc mərkəzi formalaşır. Bu, Pakistan-Azərbaycan-Türkiyə üçlüyüdür. 44 günlük müharibə dövründə, bütün dünyanın gözü qarşısında bu müttəfiqliyi nümayiş etdirdik. Azərbaycanın yaratdığı yeni reallığı həzm etməyən Avropa ölkələri və revanşistlər var. Buna görə də biz güclü olmağa borcluyuq. Öz hüquqlarımızı qorumalıyıq. Hər üç ölkə beynəlxalq hüququ çeynəmədən öz ərazi bütövlüyünü qorumaq üçün qətiyyətli qərarlar qəbul etməyi bacaran, regionda maraqlarını və təhlükəsizliyini təmin edən ölkələrdir. Təlimlər də məhz bunun dünyaya nümayiş etdirilməsi mahiyyətini ifadə edir. 

-ABŞ-ın Ermənistandakı səfiri bu yaxınlarda bildirib ki, “Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğunu hesab etmirik. Bu məsələ Minsk qrupunun gündəliyindədir. Sizcə, o, belə bir açıqlama ilə nə demək istəyib? 

ATƏT-in Minsk qrupunun gələcək fəaliyyətinin müzakirə olunduğu bir ərəfədə həmsədr ölkə nümayəndəsinin belə bir açıqlama ilə çıxış etməsi bu qurumun fəaliyyətinə xələl gətirirmi? 


- ATƏT-in Minsk qrupu öz missiyasızlığını başa vurub. Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsini həll etmək üçün yaradılmışdı. Məsələni həll edə bildimi? Xeyr. Fəaliyyəti dövründə daim tənqidlərə məruz qaldı. Amma nəticədə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu qurum bütün fəaliyyəti dövründə bir iş görə bilmədi. BMT Təhlükəsizlik Şurasının qətnamələrini Azərbaycan yerinə yetirdi. Belə olan halda Minsk qrupu beynəlxalq hüquqa və BMT-nin ona verdiyi mandata hörmət edirdisə, artıq özünü buraxmalı idi. Çünki yaradılmasının məqsədi olan predmet həllini tapıb. Bundan sonra nəyi həll edəcəklər? Ermənistan yenidən xam xəyallara düşərsə, yeni müharibə qaçılmazdır və Azərbaycan buna hazırdır.  Bunu Ermənistanı himayə edən mərkəzlər də bilsinlər. 
-Hikmət müəllim, son olaraq gündəm məsələlərindən biri də Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri, daha dəqiq desək, rayon təşkilatlarının rəhbərliyində təmsil olunan şəxslərin qeyri-etik görüntülərinin yayılmasıdır. Bu məsələni necə qiymətləndirirsiniz? 

- Biz bunu mütləq YAP-la əlaqələndirməli deyilik. Biz belə hərəkətləri şiddətlə qınayırıq. YAP Azərbaycan siyasi sisteminin lokomotiv gücüdür. Yeni Azərbaycan Partiyası siyasi sistemimizə yeni dəyərlər və siyasi mədəniyyət təqdim edib. Bu məsələ cəmiyyətin mənəvi dəyərlər sisteminin deqradasiyası nəticəsində ortaya çıxır. Ancaq yenə də gəlin, etiraf edək ki, təkcə Azərbaycan cəmiyyətində yox, dünyada da bənzər problemlər ortaya çıxır.

Müxbir: Məhərrəm Əliyev

Video/Montaj: Nicat Niftəliyev