"Bakı ilə münasibətlər Moskva üçün həyati əhəmiyyət kəsb edir" - Elman Nəsirov

"Bakı ilə münasibətlər Moskva üçün həyati əhəmiyyət kəsb edir" - Elman Nəsirov Siyasət

Siyasi dairələrdə diqqətlər yenidən Bakı-Moskva münasibətlərinə yönəlib. Kreml Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin DüşənbədəMDB sammiti çərçivəsində görüşəcəyini rəsmən təsdiqləyib. Bu, ŞƏT sammitindəki qısa, ayaqüstü salamlaşmadan sonra iki lider arasında uzun fasilədən sonra baş tutacaq ilk canlı təmas kimi dəyərləndirilir. Amma münasibətlərdə soyuqluğun səbəbləri hələ də aradan qalxmayıb. 

Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Nəsirov News24.az-a açıqlamasında bildirib ki, bu görüş son aylarda iki ölkə arasında yaranmış gərgin münasibətlər fonunda mühüm əhəmiyyət daşıyır.

"Uzun müddətdir Bakı-Moskva xəttində münasibətlərdə ciddi çatlar yaranıb. Xüsusilə də məlum AZAL təyyarəsinin vurulması hadisəsindən sonra iki ölkə arasında etimad böhranı dərinləşdi. Bunun ardınca Rusiyada azərbaycanlılara qarşı sistemli şəkildə təzyiq və zorakılıq halları müşahidə olundu, bu da gərginliyi pik həddə çatdırdı. Halbuki, xatırladaq ki, 2022-ci ildə Azərbaycanla Rusiya münasibətləri müttəfiqlik səviyyəsinə qədər yüksəldilmişdi”.

Deputat qeyd edib ki, 7 oktyabrda Vladimir Putinin ad günü münasibətilə Prezident İlham Əliyevin onunla telefon danışığı aparması və indi Düşənbədə canlı görüşün planlaşdırılması münasibətlərin normallaşması istiqamətində mühüm siyasi siqnal kimi qiymətləndirilə bilər:

“Bu görüş zəruridir. Azərbaycanla Rusiya uzun illərdir qonşudur, ortaq tarixi və iqtisadi maraqları bölüşür. Düşənbədə baş tutacaq bu təmas, əslində, münasibətlərin yenidən istiləşməsi üçün unikal bir fürsətdir. Liderlər səviyyəsində dialoqun bərpası iki ölkə arasında yaranmış soyuqluğun aradan qalxmasına kömək edə bilər".

Elman Nəsirov həmçinin beynəlxalq vəziyyətin də bu görüşü zəruri etdiyini vurğulayıb:

“Hazırda Rusiyanın Qərblə münasibətləri son dərəcə gərgindir. ABŞ-ın Ukraynaya "Tomaqavk" tipli raketləri vermək qərarı artıq Vaşinqton-Moskva münasibətlərində "qırmızı xəttin" keçilməsi deməkdir. Belə şəraitdə Rusiya bütün tərəflərdən təzyiq altındadır və öz müttəfiqlərini itirmək lüksünə malik deyil. Bu baxımdan, Bakı ilə münasibətlərin bərpası Moskva üçün də, regional sabitlik üçün də həyati əhəmiyyət kəsb edir”.

Aqil Qarayev