Bakıdan Paşinyana zəng olacaqmı? - Sabiq nazir AÇIQLADI

Bakıdan Paşinyana zəng olacaqmı? - Sabiq nazir AÇIQLADI Siyasət

“Bakı və Ankaranın Nikol Paşinyanı parlament seçkilərindəki qələbə münasibəti ilə təbrik edəcəyini istisna etmirəm. Artıq tərəflər arasında müxtəlif vaxtlarda görüşlər olub, siyasi münasibətlər formalaşıb. Bu baxımdan, təbriklər də ola bilər”.

News24.az xəbər verir ki, bunu açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfiqarov deyib.

O bildirib ki, N,Paşinyan seçkilərdə qələbə qazansa da, təkbaşına konstitusiyanın dəyişdirilməsinə nail ola bilməyəcək:

“Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası koalisiya yaratmadan hökuməti formalaşdıra bilər. Amma bizim maraqlandıran ayrı məsələdir. Problem konstitusiyanın dəyişdirilməsi ilə bağlıdır. Əgər Paşinyan və komandası vəd etdiyi kimi konstitusiyanı dəyişdirə bilməsə, deməli sülh prosesi dalana dirənəcək. Çünki Ermənistan qanunvericiliyinə görə, konstitusiyanı dəyişdirmək təşəbbüsünə ən azı 76 deputat səs verməlidir. İndiki halda “Vətəndaş Müqaviləsi”nin mandad sayı buna bəs etmir. Belə olan təqdirdə, sülh prosesinə ciddi zərbə dəyə bilər. Çünki sülh prosesinin inkişafı və irəli aparılması üçün Ermənistan gərək öz qanunvericiliyindəki ərazi iddialarından imtina etsin”.

Politoloqun fikrincə, N.Paşinyan konstitusiya islahatı üçün rəqibləri ilə koalisiya yaratmalıdır:

“O, istər-istəməz konstitusiyanın dəyişdirilməsi ilə bağlı məsələdə öz rəqiblərinin ən azı biri ilə koaliya yaratmağa təşəbbüs göstərməlidir. Bunun üçün gərək özü addımlar atsın. Biz isə seçkilərin yekun nəticəsini gözləməliyik. Kremlin mövqeyinə gəlincə, mən hər zaman demişəm ki, İrəvan və Moskva gərginliyi sadəcə görüntüdür. Reallıqda Paşinyanın siyasəti tam şəkildə Rusiyanı qane edir. Paşinyan hakimiyyəti boyunca Moskvanın maraqlarına heç bir real təhlükə yaratmayıb. Rusların hərbi bazaları hələ də Ermənistandadır. Səs-küy çoxdur, amma real addımlar yoxdur”.

Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində səslərin sayılmasını başa çatdırıb. Qurumun açıqladığı rəqəmlərə görə, “Vətəndaş Müqaviləsi” Partiyası 49,81% (727 160 səs), “Güclü Ermənistan” bloku 23,29% (340 062 səs), “Ermənistan” bloku 9,94% (145 097 səs), “Çiçəklənən Ermənistan” Partiyası isə 4.00% (58 368 səs) səs toplayıb.

Beşinci yerdə qərarlaşan “Birlik Qanadları” Partiyası seçicilərin 2,30%-nin (33.618 səs) səsini ala bilib. (Yenisabah)