"Biz heç kimə yalvarası deyilik" - Deputat
Siyasət
Azərbaycan və Avropanın aparıcı qurumları arasında ciddi gərginlik davam edir. Müxtəlif avropalı rəsmilərin qərəzli açıqlamaları ilə başlayan bu gərginlik sonda Azərbaycanın AŞPA – nı tərk etməsi ilə nəticələndi. Bir çox ekspertlər Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra əlaqələrin inkişafında müsbət mənada yeni mərhələ başlanacağını bildirir.
Mövzu ilə bağlı News24.az-ın suallarını cavablandıran AŞPA–dakı nümayəndə heyətinin üzvü, deputat Fazil Mustafa bildirib ki, son baş verən hadisələr Azərbaycanın torpaqlarını işğaldan azad etməsinə görədir. Onun sözlərinə görə, uzun müddətdir ki, Avropadakı erməni tör-tüküntülərin pulları ilə özlərinə komfort qurmuş Şvabe kimi, Şenok kimi adamlar bütünlüklə bu qələbəni həzm edə bilmədikləri üçündür və ona görə də, Azərbaycana qarşı bu kimi şantaj kampaniyası aparırlar.
Həmin şəxslərin ədalətsiz mövqe sərgilədiyini qeyd edən deputat diqqətə çatdırıb ki, indiyə qədər bu insanlar bir dəfə də olsun Azərbaycan torpaqlarının işğalı məsələsindən danışmayıb:
"Ancaq Azərbaycan torpaqlarını azad etdikdən sonra bu şəxslər ermənilərə təsəlli verməyə başladılar. Biz heç bir quruma yalvarıb, orda qalası deyilik. Əgər həmin qurumlar bizə ciddi münasibət göstərməsə biz heç kimin təsir dairəsində fəaliyyət göstərməyəcəyik. Əgər gələcəkdə AŞPA–dan bu mənada peşmanlıq gələrsə, o zaman biz bu məsələni müzakirə edə bilərik. İndiki halda isə AŞPA-nın bu mövqeyi ilə müsbət münasibətlərin qurulmasından söhbət gedə bilməz. Bu məsələlərin arxa planında ABŞ, önündə isə Fransa və Almaniya dayanır”.
Prezident seçkilərdən sonra münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi barədə sualımıza isə Fazil Mustafanın cavabı belə oldu :
"Seçkilərdən sonra münasibətlərin inkişafı ilə bağlı irəli doğru addımlar atıla bilər. Ancaq bu onlardan asılı olan bir şeydir. Bizə qarşı olan bu ritorika dəyişərsə, biz də irəli doğru addımların atılması üçün lazım olanı etməyə hazırıq”.
Zeynal