"Bu gün ölkəmizə qarşı qərəzli mövqeyin şahidiyik" - Ceyhun Məmmədov
Siyasət
"Biz növbəti dəfə erməni lobbisinin təmsilçisinə çevrilən Avropa İttifaqının ölkəmizə qarşı qərəzli yanaşmasının şahidiyik".
News24.az xəbər verir ki, bunu Milli Məclisin dekabrın 19-da keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, bu qətnamə sadəcə bit kağız parçasıdır:
"Çox təəssüf ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzə və ikili standartlara yol verməsi ənənə halını alıb. Burada bir məqsəd var o da Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında sülh və təhlükəsizlik prosesinə mane olmaqdır. Görünür, Azərbaycan Prezidenti İlham Əliyevin dünyada artan nüfuzu onları ciddi narahat edir".
Deputat qeyd edib ki, münaqişənin tənzimlənməsinə heç bir real töhfə verməyən Avropa İttifaqı bölgəmizə sülhün gəlməsinə mane olmaq yolu seçib:
"Biz bu qərəz və ədalətsizliyi bir müddət bundan əvvəl Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənəddə də gördük. Bu sənəd postmünaqişə dövründə reallıqları təhrif etməklə yanaşı bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyini hədəfə alıb. Ermənistanda bu qədər həbslər həyata keçirilir. Əvvəlki hakimiyyətdə təmsil olunan bir çox siyasi xadimlərə qarşı çox sayda həbslər və təqiblər həyata keçirilib. Niyə bunu pisləyən bir bəyanat görmürük?".
Deputatın sözlərinə görə, bu gün Ermənistanda din xadimlərinə qarşı ciddi repressiya var:
"Ermənistanda nə qədər din xadimi həbs olunub. Niyə buna heç bir reaksiya yoxdur? Onlar siyasi baxışlarına görə təqib olunurlar. Lakin nə üçünsə Qərb strukturları bu haqda indiyədək dinləmələr keçirməyib, heç bir sənəd qəbul etməyib. Əvəzində Aİ və Avropa Parlamenti Azərbaycanda insan haqları ilə bağlı dinləmələr təşkil edirlər".