Bu şəxslər orduda ixtisaslarına uyğun xidmət keçə bilərlər - Diqqət
Siyasət
"Bu gün müzakirə etdiyimiz qanun layihəsi təkcə mövcud hüquqi mexanizmlərin təkmilləşdirilməsi deyil, eyni zamanda gələcək üçün daha çevik və ağıllı bir modelə keçidin əsasını qoyur".
Bunu Milli Məclisin dekabrın 23-də keçirilən plenar iclasında deputat Rəşad Mahmudov deyib.
"Mən bu layihə çərçivəsində xüsusilə bir məqama diqqət çəkmək istəyirəm. Söhbət həkimlərin və yüksək texniki hazırlıqlı mütəxəssislərin hərbi mükəlləfiyyətinin klassik yanaşmadan çıxarılaraq, peşələrinə uyğun, daha səmərəli xidmət modelinə çevrilməsindən gedir. Hamımız yaxşı bilirik ki, bir həkimin, mühəndisin və ya xüsusi texniki bilik tələb edən mütəxəssisin hazırlanması illər, bəzən onilliklər tələb edir".
Deputat bildirib ki, bu cür kadrların uzun müddət peşə fəaliyyətindən tam ayrılması nə dövlət üçün səmərəlidir, nə də xidmətin mahiyyətinə uyğundur:
"Təklif etdiyim yanaşmanın əsas fəlsəfəsi ondan ibarətdir ki, hərbi xidmət anlayışı peşədən uzaqlaşma yox, peşə üzərindən xidmət formasına çevrilsin. Yəni həkim orduda həkim kimi, texniki mütəxəssis öz ixtisası üzrə, dövlətə real fayda verərək xidmət etsin. Bu model beynəlxalq praktikaya tam uyğundur. Qardaş Türkiyə başda olmaqla bir sıra ölkələrdə həkimlərin hərbi xidməti qısa müddətli, maaşlı və ixtisaslarına uyğun şəkildə təşkil olunur. Bu, nə güzəşt, nə də istisnadır – bu, ağıllı dövlət idarəçiliyidir".
Rəşad Mahmudov qeyd edib ki, qanun layihəsində xidmət müddətinin azaldılması, könüllülük və müqavilə mexanizmlərinin genişləndirilməsi gələcəkdə belə bir modelin hüquqi bazasını formalaşdırır:
"Bu yanaşma həm ordunun real ehtiyaclarını qarşılayır, həm səhiyyə və texniki sahələrdə kadr itkisinin qarşısını alır, həm də vətəndaşın dövlətə xidmət motivasiyasını gücləndirir. Hesab edirəm ki, bu layihə ilə biz hərbi mükəlləfiyyətə yanaşmada yeni bir mərhələyə keçirik: formal iştirakdan real faydaya, ümumi çağırışdan peşəkar xidmət modelinə".
"Təəssüf ki, son illər tibbi təhsili başa vuran gənclərin müəyyən hissəsinin ölkədən kənarda qalmağa üstünlük verməsinin şahidi oluruq. Bunun səbəbləri müxtəlifdir, amma etiraf etməliyik ki, uzun və peşədən tam ayıran hərbi mükəlləfiyyət də bu qərarlara təsir edən amillərdən biridir", - deyə deputat çıxışı zamanı qeyd edib.