Ceyhun Bayramov: Heydər Əliyevin siyasi kursu bu gün də uğurla davam etdirilir
Siyasət
“Ümumilli lider Heydər Əliyev müasir Azərbaycanın formalaşmasında mühüm rol oynayıb. Onun müəyyən etdiyi siyasi kurs bu gün də uğurla davam etdirilir”.
News24.az bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, Heydər Əliyevin dövlətçilik fəlsəfəsi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və ölkənin beynəlxalq arenada nüfuzunun artırılması istiqamətində mühüm əsaslar yaradıb:
“Onun rəhbərliyi dövründə ölkədə siyasi sabitlik təmin olunub, iqtisadi inkişafın təməli qoyulub və Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilib. Ulu Öndərin əsasını qoyduğu xarici siyasət strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi, eləcə də ölkənin qlobal təşəbbüslərdə fəal iştirakı Heydər Əliyev siyasi kursunun uğurlu nəticələridir”.