Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı - YENİLƏNDİ
Siyasət
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dara zəng edib.
News24.az xəbər verir ki, bu barədə məlumat Pakistan XİN-in "X" hesabında paylaşılıb.
Nazir Ceyhun Bayramov Azərbaycan Prezidenti, hökuməti və xalqı adından İslamabadda baş vermiş partlayışla əlaqədar başsağlığı verib, həlak olanların ailələrinə başsağlığı diləyib və Pakistanla həmrəy olduqlarını ifadə edib.
Hücumu qətiyyətlə pisləyən Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri ölkəsinin terrorizm bəlasına qarşı mübarizədə əzmkar mövqeyini bir daha vurğulayıb.
Telefon danışığı zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb, Pakistan və Azərbaycan arasında mövcud olan möhkəm və davamlı tərəfdaşlığın bir daha təsdiqləndiyini qeyd ediblər.(APA)
12:36
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.
Bu barədə News24.az-a XİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı Nazir Ceyhun Bayramov İslamabadda məsciddə baş vermiş terror hadisəsini qınayıb, həlak olanların ailələrinə, Pakistan hökumətinə və xalqına dərin hüznlə başsağlığı diləklərini çatdırıb. Ölkəmizin terrorla mübarizə səylərində daim Pakistanın yanında olduğunu vurğulayıb.
Telefon danışığı zamanı, həmçinin Azərbaycanla Pakistan arasında tərəfdaşlıq əlaqələrinin müxtəlif aspektləri, iki ölkə arasında əldə olunmuş razılıqlardan irəli gələn məsələlər, eləcə də regional təhlükəsizlik vəziyyəti müzakirə olunub.