Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN

Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN Siyasət

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb.

News24.az xəbər verir ki, bəyanatda 20 sentyabr tarixinin Azərbaycan xalqının çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığı qeyd olunub.

"19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək ölkəmizin ərazisindən çıxarılması məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib. Beləliklə cəmi 24 saatdan az müddətdə başa çatan tədbirlər nəticəsində ərazilərimiz üzərində dövlət suverenliyi təmin edilib.

Bu tarixi zəfərin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığı, rəşadəti və qəhrəmanlığı həlledici rol oynayıb", - bəyanatda vurğulanıb.

Antiterror tədbirləri zamanı Azərbaycan tərəfinin mülki əhalinin təhlükəsizliyinə xüsusi diqqət yetirdiyi, mülki şəxslər və mülki infrastrukturu yox, yalnız qanunsuz silahlı birləşmələrin legitim hərbi obyekt və infrastrukturlarını hədəf aldığı diqqətə çatdırılan bəyanatda dövlət suverenliyinin bərpasının regionda yeni siyasi reallıq yaratdığı qeyd olunub:

"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb. Ölkəmiz sülh gündəliyinə sadiqliyini nümayiş etdirərək, münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atıb.

8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin iştirakı ilə keçirilmiş tarixi görüş sülh və normallaşma prosesində mühüm mərhələ olub.

Bu gün Azərbaycan və Ermənistan liderlərinin görüşləri zamanı əldə olunan razılaşmalar regionda davamlı sülhün və sabitliyin təmin edilməsi ilə yanaşı, regional iqtisadi potensialın reallaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır".

Bildirilib ki, regionda iqtisadi-ticarət əlaqələrinin bərpası və bu istiqamətdə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi, habelə beynəlxalq nəqliyyat və logistika marşrutlarının regional inteqrasiyasının təşviqi təkcə Azərbaycan və Ermənistan üçün yox, eləcə də bütün maraqlı tərəflər üçün yeni iqtisadi dividendlər və əməkdaşlıq imkanları yaradacaq. Yaranmış tarixi sülh imkanından irəli gələrək Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması və münasibətlərin tam normallaşdırılması üçün qarşıda duran məsələlərin həlli mühüm əhəmiyyət kəsb edir.

"Bu gün Azərbaycan azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsi və həmin ərazilərin davamlı inkişafı istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Eyni zamanda, mina təhlükəsinin aradan qaldırılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi ölkəmizin əsas prioritetləri sırasındadır.

Dövlət Suverenliyi Günü Azərbaycan xalqının öz dövlətçiliyinə, milli iradəsinə və ərazi bütövlüyünə bağlılığının rəmzidir. Bu əlamətdar gün şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramla yanaşmaq, onların canları bahasına əldə edilmiş tarixi Zəfərin dəyərini daim qorumaq və gələcək nəsillərə ötürmək üçün mühüm bir vəsilədir.

Azərbaycan Respublikasının dövlət suverenliyi əbədidir, bölünməzdir və toxunulmazdır.

Dövlət Suverenliyi Günün mübarək, Azərbaycan!" - XİN-dən vurğulanıb.