Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığı - DƏRİNLƏŞİR
Siyasət
"Ermənistanın iqtisadiyyatı ticarət və energetika sahələrində Rusiyadan əhəmiyyətli dərəcədə asılıdır".
News24.az xəbər verir ki, bu barədə "Fitch" Agentliyinin hesabatında bildirilir.
Sənəddə deyilir ki, yaxın perspektivdə adı çəkilən ölkədə iqtisadiyyatın diversifikasiyası gözlənilmir. Məhz bu səbəbdən agentlik Ermənistanın reytinqini "BB-" səviyyəsində müəyyən edib.
"Fitch" qeyd edir ki, Rusiya-Ukrayna müharibəsinin başlandığı müddətdə Rusiya-Ermənistan ticarət dövriyyəsi kəskin şəkildə artıb:
"Ermənistan qərbin Rusiyadakı müəssisələrə, o cümlədən bank sektoruna tətbiq etdiyi sanksiyaların tələblərinə əməl edir. Bununla belə bu ölkədən Rusiyaya məhsul ixracı 2021-ci ildən təqribən 3 dəfə artıb. Rusiya isə Ermənistanla 2023-cü ilin ilk 9 ayında müvafiq olaraq 51 faiz və 30 faiz həxmində ixrac-idxal əməliyyatı icra edib".
Ermənistan hökumətinin məlumatına görə, 2023-cü ilin noyabrında bu ölkənin xarici ticarətinin 1/3 hissəsi Rusiyaya istiqamətlənib. Bununla yanaşı, qarşılıqlı kommersiya mübadiləsi 40 faizdən də çox artaraq, 6,3 milyard dollara çatıb.
Artımın əsas hərəkətverici qüvvəsini əvvəlki kimi Qərb ölkələrindən işlənmiş avtomobil, məişət texnikası, eləcə də digər təyinatlı məhsulların Rusiya ərazisinə təkrar ixracı təşkil edib. Bu məhsullar Ermənistandan Rusiyaya ixracın ümumi həcminə daxil edilməyib. Bu sahədə ümumi göstərici isə 3,2 milyard dollara təşkil edib. Həmin göstərici ötən ildən 50 faiz çoxdur. Rusiyadan Ermənistana bu və ya digər şəkildə həyata keçirilən kapital axını nəticəsində ötən il Ermənistanın iqtisadiyyatında 8 faizdən çox artım qeydə alınıb.
Bir qədər əvvəl Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bəyan edib ki, təmsil olunduğu hökumət Ermənistanın xarici ticarətini yerli istehsalçılara yeni ixrac bazarları tapmaqda kömək yolu ilə "diversifikasiya" etmək istəyir.
O, vurğulayıb ki, Ermənistan "yüksək keyfiyyətə malik və standartlara uyğun məhsulların ixracında maraqlıdır. Bu isə "dar çərçivədə deyil, əksər ölkələrdə" alıcı tapmağa xidmət edir. Lakin hökumətin bu məqsədə necə nail olacağı aydın deyil.
"Fitch"in hesabatında göstərilir ki, Rusiya ilə Ermənistan arasındakı kommersiya əlaqələri İrəvan-Moskva münasibətlərindəki gərginliyə baxmayaraq, daha da möhkəmlənir.
Bu arada, qeyd etmək yerinə düşər ki, Rusiyanın müvafiq agentliyi qida təhlükəsizliyini önə çəkərək, noyabrda Ermənistandan bir çox növdə yeyinti məmulatlarının idxalına qadağa tətbiq edib.
Müşahidəçilərin fikrincə, rəsmi Moskva əslində bu qərarla Ermənistana qarşı iqtisadi rıçaqlarını işə salmaq niyyəti güdür. Əsas məqsəd də baş nazir Nikol Paşinyanın Ermənistanı qərbmeylli bir dövlətə çevirməsinin qarşısını almaqdır.
Fərid Azəri