Paşinyan Türkiyə-Azərbaycan tranziti üçün marşrutu açıqladı
Siyasət
“Ermənistan Azərbaycan istiqamətində yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır”.
News24.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentinin maliyyə-kredit və büdcə məsələləri üzrə komissiyasında 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, bu qərar Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan üçün oxşar məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatına cavab addımı olaraq verilib:
“Bu, Ermənistanın blokadasının aradan qaldırılmasının ilk mərhələsi deməkdir. Amma vacibdir ki, biz də qarşılıqlı addımlar ataq. Biz bu gündən etibarən Türkiyədən Azərbaycana və əks istiqamətdə Marqaradan–Yexeqnadzor–Sisian–Qoris marşrutu ilə yük maşınlarının tranzitini təmin etməyə hazırıq”, – deyə Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, hələlik İrəvan bu marşrutla məhdudlaşacaq, çünki həmin ərazidə yollar və keçid məntəqələri lazımi səviyyədədir.
Hökumət başçısı həmçinin qeyd edib ki, 2026-cı il büdcə layihəsi ilk dəfə sülh şəraitində hazırlanır.
Paşinyanın fikrincə, 8 avqustda Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri tərəfindən imzalanan razılaşmalar artıq öz nəticəsini göstərir.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycan Ermənistan istiqamətində yük tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb. İlk belə tranzit yük Qazaxıstandan gətirilən taxıl olub. Ermənistanın Baş nazirinin Aparatı artıq Əliyevin bu qərarını alqışlayıb.