Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Bakıya gəlirlər

Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Bakıya gəlirlər Siyasət

İl sonunadək Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycana səfəri planlaşdırılır və konkret tarixlər artıq müəyyən edilib.

News24.az xəbər verir ki, bunu Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndə heyətinin üzvü, Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Fərhad Məmmədov “RİA Novosti”yə açıqlamasında deyib.

“22 oktyabr tarixində Azərbaycanın nümayəndə heyətinin Ermənistana səfəri spontan bir addım deyildi. Bu, gələcəkdə Azərbaycan nümayəndə heyətlərinin Ermənistana, erməni nümayəndə heyətlərinin isə Azərbaycana səfərlərini nəzərdə tutan fəaliyyətin bir hissəsidir. Buna görə də yaxın altı ay ərzində ən azı bir neçə dəfə Ermənistana səfər edəcəyimiz gözlənilir. Söhbət təkcə paytaxtdan deyil, Ermənistanın ayrı-ayrı regionlarından da gedir. Ermənistan nümayəndə heyətinin Azərbaycana səfəri il sonunadək planlaşdırılır və konkret tarixlər artıq müəyyən olunub”, – deyə Məmmədov bildirib.

Xatırladaq ki, oktyabrın sonunda İrəvanda Ermənistan və Azərbaycan QHT rəhbərlərinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib. Ermənistandan olan nümayəndə heyətini Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qəbul edib.