Ermənistandan Azərbaycanla bağlı - Mühüm qərar

Ermənistandan Azərbaycanla bağlı - Mühüm qərar Siyasət

Ermənistanın Baş naziri Nikol Paşinyan regionda iqtisadi əlaqələrin bərpası ilə bağlı yeni açıqlama verib. O, Türkiyə yük maşınlarının Ermənistan ərazisindən Azərbaycana keçə biləcəyi marşrutun müəyyən olunduğunu bildirib. Paşinyanın sözlərinə görə, Marqara–Yexqnadzor–Sisian–Qoris istiqaməti üzrə tranzit xətləri açıq olacaq və Ermənistan bu marşrutla yük daşımalarını təmin etməyə hazırdır.

Bu marşrutun açılması Azərbaycanın regional nəqliyyat strategiyasına necə təsir edəcək?

Məsələ ilə bağlı politoloq İlyas Hüseynov News24.az-a açıqlamasında bildirib ki, Azərbaycanın Ermənistan ərazisinə yük daşımalarına qoyulan qadağanı aradan qaldırmasına qarşı tərəfin bu reaksiyası gözlənilən idi:

“Azərbaycanın son dövrlər bölgədə iqtisadi və logistik əməkdaşlığa açıq mövqe nümayiş etdirməsi fonunda Ermənistan tərəfdən də müəyyən yumşalma tendensiyası müşahidə olunurdu. Xüsusilə, Qazaxıstan taxılının Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana çatdırılması ilə bağlı əldə olunan razılaşmadan sonra Marqara–Yexqnadzor–Sisian–Qoris marşrutu üzrə Türkiyə yük maşınlarının Azərbaycana keçməsi məsələsinin gündəmə gələcəyi artıq ehtimal olunurdu.”

Politoloqun sözlərinə görə, bu qərar regionda sülh və qarşılıqlı etimadın möhkəmlənməsi baxımından çox mühüm addımdır:

“Yüklərin gediş-gəlişi təkcə iqtisadi əməkdaşlıq deyil, həm də sülh yolunda atılan böyük bir addımdır. Bu, iki ölkə arasında etimadın bərpasına və qarşılıqlı maraqlara əsaslanan münasibətlərin formalaşmasına xidmət edir. İqtisadi əməkdaşlıq və kommunikasiya xətlərinin açılması siyasi dialoqun davamlılığını da təmin edə bilər”.

İlyas Hüseynov əlavə edib ki, regional ticarət və nəqliyyat əlaqələrinin açılması həm Azərbaycan, həm də Ermənistan üçün iqtisadi fayda gətirəcək və regionda uzunmüddətli sabitliyə töhfə verə bilər:

“Bu cür tranzit xətləri həm Azərbaycanın logistik imkanlarını genişləndirəcək, həm də Ermənistan üçün iqtisadi diversifikasiya imkanı yaradacaq. Ən əsası isə bu proses Cənubi Qafqazda yeni əməkdaşlıq modelinin formalaşmasına zəmin yaradır".