"Forbes" Azərbaycandan yazdı: "Cənubi Qafqazda güc balansı dəyişir"
Siyasət
Azərbaycan ABŞ üçün yeni strateji tərəfdaş kimi önə çıxır.
News24.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazır.
Nəşrin məlumatına görə, Azərbaycanın Mərkəzi Asiya blokuna inteqrasiya prosesinə qoşulması həm Vaşinqton, həm də Avropa üçün tamamilə yeni geosiyasi imkanlar yaradır.
Məqalədə vurğulanır ki, Azərbaycan zəngin neft və qaz ehtiyatları ilə yanaşı, nadir torpaq metallarına da sahibdir. Bu resurslar qlobal sənaye üçün həlledici əhəmiyyət daşıyır. Beynəlxalq Enerji Agentliyinin qiymətləndirməsinə əsasən, Azərbaycan dünyanın ən yüksək enerji özünütəminat səviyyəsinə malik ölkələrindən biridir və iri həcmdə xam neft və təbii qaz istehsal edir.
Yazıda diqqətə çatdırılır ki, uzun illər ərzində “Azadlığı Müdafiə Aktı”na daxil edilmiş 907-ci düzəliş Azərbaycanla birbaşa iqtisadi və infrastruktur əməkdaşlığını məhdudlaşdırıb. Bu məhdudiyyətlərin ləğvi və ya dəyişdirilməsi regionda nəqliyyat dəhlizlərinin, enerji layihələrinin və ticarət əlaqələrinin genişlənməsinə yeni qapılar aça bilər. Bu isə ölkənin Cənubi Qafqazda strateji rolunu daha da gücləndirər.
“Forbes” müəllifləri əlavə edir ki, ABŞ-Azərbaycan tərəfdaşlığı Cənubi Qafqaz boyunca dəmir yolları, neft və qaz kəmərləri, eləcə də fiber-optik infrastrukturların qurulması üçün də böyük imkanlar yaradır. Bu cür layihələr regionun təhlükəsizliyini artırdığı kimi, ətraf ölkələrin enerji və iqtisadi müstəqilliyinə də ciddi töhfə verir.