Hakan Fidan Qətərə səfər edəcək
Siyasət
Türkiyənin xarici işlər naziri Hakan Fidan regional diplomatiya çərçivəsində sabah Qətərə rəsmi səfər edəcək.
News24.az xəbər verir ki, paytaxt Dohada keçiriləcək görüşlərdə Türkiyə–Qətər strateji əməkdaşlığı, regional təhlükəsizlik məsələləri və Körfəz bölgəsindəki son proseslər müzakirə olunacaq.
Səfər zamanı həmçinin Türkiyədə keçirilməsi planlaşdırılan Yüksək Strateji Komitə iclasının hazırlıq məsələləri də gündəmdə olacaq.
Görüşlərdə qlobal enerji və ticarət marşrutları baxımından əhəmiyyət daşıyan Hürmüz boğazında gəmilərin sərbəst hərəkətinin təmin olunmasının strateji önəmi vurğulanacaq. Bu məsələnin həm regional təhlükəsizlik, həm də qlobal iqtisadi sabitlik üçün kritik olduğu qeyd ediləcək.
Eyni zamanda regiondakı gərginliklərin müdafiə və hərbi əməkdaşlığın əhəmiyyətini artırdığı vurğulanacaq. Körfəz bölgəsindəki münaqişələrin azaldılması prioritet mövzular sırasında yer alacaq, Türkiyə və Qətərin birgə fəaliyyətinin regional sabitlik və iqtisadi inteqrasiya baxımından rolu qeyd ediləcək.
Dohadakı görüşlərin digər əsas istiqaməti İsrailin regiondakı fəaliyyəti olacaq. Qəzza və İordan çayının qərb sahilində humanitar vəziyyətin beynəlxalq gündəmdə saxlanılmasının vacibliyi vurğulanacaq.
Eyni zamanda Livanın suverenliyinin qorunmasının regional sabitlik üçün mühüm şərt olduğu diqqətə çatdırılacaq. (TRT haber)
Nilufər