Lavrov Bakıya tələb qoya BİLMƏZ, Moskva görüşü ermənilərin ümidlərini - SUYA SALDI - ŞƏRH

Lavrov Bakıya tələb qoya BİLMƏZ, Moskva görüşü ermənilərin ümidlərini - SUYA SALDI - ŞƏRH Maraqlı

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Rusiyalı həmkarı ilə görüşü heç bir xüsusi hadisə ilə fərqlənmədi”. 

Bunu News24.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, Ermənilər bu səfərdən özlərinin lehinə bəzi şifahi fikirlər səsləndirilməsini istəyirdilər: “Elə Mirzoyanın ilk xarici səfərini Rusiyaya etməsi də buna hesablanmışdı. Ancaq  onların bu cür xəyala qapılmaları ondan xəbər verir ki,  bu ölkənin xarici siyasət idarəsinin rəhbəri belə hələ də ya yeni reallığı obyektiv dərk etmir, ya da etmək istəmir. Əslində Sergey Lavrov “Bakıya müxtəlif səviyyələrdə siqnal ötürürük” deməklə Mirzoyana bütün məsələlərin həlli yolunun Bakıdan keçdiyini izah etməyə çalışıb. Çünki Lavrovun bu açıqlamasında bərabərhüquqlu dövlətlərarası diplomatik tərəfsizlik var. Yəni biz Bakıdan nəyi isə istəyə, tələb edə bilmərik. Sadəcə “siqnallar” ötürə bilərik. Fikrin ikinci hissəsində isə Rusiyanın baş diplomatı bir qədər daha konkret danışaraq deyir ki, Azərbaycandakı erməni hərbçilər 9 noyabr bəyanatından sonra noyabrın axırlarında saxlanılıblar. Bu isə o deməkdir ki , əslində ermənilər beynəlxalq hüquqa zidd olaraq qanunsuz şəkildə Azərbaycanın ərazisinə daxil olublar və Azərbaycan da lazımi hüquqi addımları atıb. Dolayısı ilə Lavrovun bu açıqlamasında daxili təkzib, ziddiyyət ya da hər hansı təzyiq elementi  yoxdur. O erməni həmkarını başa salmaq üçün belə bir diplomatik fənd işlətdi. 

Saxlanılan erməni diversantların ilkin şərt qoyulmadan Ermənistana qaytarılması məsələsinə gəldikdə isə düşünürəm ki, yuxarıdakı konkret ifadələr kontekstində bu, Lavrovun ermənilərə etdiyi sadə diplomatik nəzakətdir. Ancaq əlbəttə ki, uğursuz “nəzakət”dir. Çünki Rusiya heç bir halda onun ərazisinə qanunsuz daxil olan ölkənin diversantlarını geri qaytarmaz”.