İlham Əliyev və Pezeşkiandan pozitiv mesajlar: Nə baş verir? - ŞƏRH

İlham Əliyev və Pezeşkiandan pozitiv mesajlar: Nə baş verir? - ŞƏRH  Siyasət

Bəzi İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları fonunda Prezident Məsud Pezeşkianın ölkəmizlə bağlı müsbət və səmimi fikirlər səsləndirməsi diqqətdən yayınmayıb.

Pezeşkian çıxışında xüsusilə müharibə zamanı Azərbaycanın İrana göstərdiyi dəstəyə toxunaraq, ölkənin logistika imkanlarından istifadəyə şərait yaradılmasını yüksək qiymətləndirib.

Pezeşkianın sözlərinə görə, müəyyən dövrdə bəzi marşrutların, bankın və səfirliyin fəaliyyəti ilə bağlı yaranmış problemlər Azərbaycan tərəfi ilə təmaslardan sonra qısa müddətdə həllini tapıb.

“Biz zəng edib onlarla danışdıq və təxminən iki saat sonra hər şey yenidən açıldı. Bank və səfirlik fəaliyyətini bərpa etdi, marşrutlar açıldı”, – İran prezidenti deyib.

Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyev İran dövlət başçısına Azərbaycanla bağlı səsləndirdiyi xoş fikirlərə görə təşəkkür edib.

Maraqlıdır, Tehran-Bakı münasibətlərində yeni mərhələ başlayır? İran prezidentinin mesajları və İlham Əliyevin buna verdiyi cavab iki ölkə arasında münasibətlərin normallaşması baxımından nə vəd edir?

Məsələ ilə bağlı News24.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Azərbaycan İranla dostluq və mehriban qonşuluq münasibətlərinin qurulması istiqamətində səylər göstərir. Onun sözlərinə görə, İran daxilində də Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasını istəyən sağlam qüvvələr mövcuddur.

"Hazırda həmin qüvvələrin öz siyasətlərini həyata keçirməsi üçün daha əlverişli şərait yaranır. Biz də dostluq əlaqələri qurmaq üçün səy göstəririk. Amma bu istiqamətdə bizə qarşı çıxan qüvvələr var. Mən hesab edirəm ki, İran daxilində Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasını istəyən sağlam qüvvələrin olması çox vacibdir. Hazırda bu qüvvələrin öz siyasətlərini həyata keçirməsi üçün şərait daha münasibdir".

Keçmiş diplomat vurğulayıb ki, İranla Azərbaycan arasında tarixən sıx münasibətlər mövcud olub və bu əlaqələr bu gün də davam edir:

"İranla bizim lap əvvəldən sıx münasibətlərimiz olub və bu gün də həmin münasibətlər davam edir. Son müharibə şəraitində də biz bunu gördük. Buna baxmayaraq, radikal mövqedə dayanan dairələrin siyasəti qəbuledilməzdir. Mən hesab edirəm ki, Azərbaycanla münasibətlərdə xoş niyyətli və konstruktiv yanaşmanın ön plana çıxması müsbət haldır".

Diplomatın sözlərinə görə, İran daxilində sağlam qüvvələrin mövqelərinin güclənməsi və onların siyasi proseslərdə daha fəal iştirak etməsi Azərbaycan-İran münasibətlərinin gələcək inkişafına da müsbət təsir göstərə bilər:

"Bu qüvvələrin üzə çıxması və onların siyasətinin davam etdirilməsi, hətta müəyyən formada Azərbaycan tərəfindən də dəstəklənməsi müsbət istiqamətdə inkişaf edən prosesdir. Mən hesab edirəm ki, zaman keçdikcə radikal qüvvələr siyasi səhnədən çəkiləcək və sağlam qüvvələrin önə çıxması qaçılmaz olacaq".