Makronun İrəvandan Ankaraya getməsi niyə baş tutmadı? - Şərh
Siyasət
"Məlum olduğu kimi, Ermənistanda rəsmi səfərdə olan Fransa Prezidenti Emmanuela Makron Ermənistanla “Strateji tərəfdaşlıq haqqında birgə bəyannamə” və geniş spektri hərbi əməkdaşlıq haqqında sənədlər imzalandıqdan sonra quru sərhəddən Türkiyəyə keçmək istəsə də, rəsmi Ankara Bakı ilə məsləhətləşmələrdən sonra buna icazə verməyib".
News24.az xəbər verir ki, bunu sabiq deputat, tanınmış siyasətçi Qulamhüseyn Əlibəyli bildirib. O qeyd edib ki, Fransa prezidentinin Ermənistanda “işini” qurtardıqdan sonra belə nümayişkəranə Türkiyəyə keçmək istəyi bir sıra mətləblərdən xəbər verir:
"Belə ki, Makron bununla demək istəyib ki, Ermənistanda imzalanmış sənədlər Fransaya və şəxsən ona Cənubi Qafqazda öz təsirini artırmağa, həm Ermənistanın, həm də bütövlükdə Cənubi Qafqaz regionunun təhlükəsizlik arxitekturasında daha ciddi rol olmağa və regionda daha aktiv siyasi oyunçuya çevriləməyə imkan verir. Digər tərəfdən bu addımı Makron tərəfindən Türkiyə-Ermənistan sərhəddinin açılmasında Azərbaycanın rolunun arxa plana keçirmək cəhdi kimi də qiymətləndirmək olar. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və digər Türkiyə rəsmiləri Ermənistanla sərhədlərin açılmasının Azərbaycan-Ermənistan münasibətlərindən asılı olduğunu dəfələrtlə qəti şəkildə bildiriblər. Ermənistan rəsmiləri isə Azərbaycanı “üçüncü tərəf” hesab edərək ölkəmizin bu prosesdə iştirakına qarşı çıxıb, sərhədin açılması məsələsini yalnız Türkiyə ilə Ermənistan arasında ikitərəfli münasibətlər çərçıvəsində həll etməyi israr ediblər.
Bu baxımdan Fransa Prezidentinin quru sərhəddən Türkiyəyə keçmək cəhdi sadə diplomatik jest olmayıb, sərhədlərin açılmasında Fransanın və özünün rolunu ön plana çıxarmağa, Azərbaycanın rolu və təsirinin əhəmiyyəti olmadığını göstərməyə və son nəticədə Azərbaycanla Türkiyə arasında narazılıq yaratmağa və Azərbaycanı Türkiyə-Ermənistan arasındakı münasibətlərin normallaşması prosesindən kənarlaşdırmağa yönəlik hiyləgər addım kimi qiymətləndirilməlidir".
Siyasətçi qeyd edib ki, buna görə də Türkiyə və Azərbaycan prezidentlərinin bu məsələyə münasibətdə eyni mövqedən çıxış etməsi tamamilə təbii görünür.
"Türkiyə Prezidentinin Azərbaycan Prezidenti ilə məsləhətləşmədən sonra Makronun Ermənistan–Türkiyə quru sərhədindən keçidinə məhdudiyyət qoyması ilk növbədə Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin və koordinasiyalı fəaliyyətinin göstəricisidir. Türkiyə Prezidenti Ərdoğan bununla diplomatik dillə həm Fransaya və həm də Ermənistana Cənubi Qafqaz regionu ilə bağlı məsələlərdə Azərbaycanın mövqeyi və maraqları hökmən nəzərə alınmalııdır mesajını verir. Bu mesajı həm də Makronun Ermənistana səfərinə və Fransa-Ermənistan münasibətlərinin strateji tərəfdaşlıq və geniş miqyaslı hərbi əməkdaşlıq istiqamətində inkişafına siyasi reaksiya, məşhur “bir millət, iki dövlət” formulunun diplomatik praktikada necə işlədiyinin göstəricisi kimi də qiymətləndirmək olar".