Nəsimi Ağayev Paşinyanı erməni dilində salamladı - Video
Siyasət
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Berlində Almaniya Xarici Siyasət Cəmiyyətində keçirilən tədbir zamanı Ermənistan Baş naziri Nikol Paşinyanı erməni dilində salamlayıb.
News24.az xəbər verir ki, bununla bağlı görüntüləri “Sputnik Ermənistan” yayıb.
Paşinyana erməni dilində “Almaniyaya xoş gəlmisiniz” deyən səfir çıxışına ingilis dilində davam edib.
N.Ağayevin sözlərinə görə, regionda bir neçə il əvvəl təsəvvür edilməsi çətin olan böyük dəyişikliklər baş verir: “Bu, münasibətlərimizdə nail olduğumuz ən sabit və dinc dövrdür. Biz övladlarımızın, nəvələrimizin bu ağrılı və uzunmüddətli münaqişəni miras almayacağına nail olmuşuq. Ümid edirəm ki, onlar daim sülh şəraitində yaşayacaq və əlbəttə ki, Azərbaycan sülh gündəliyinin təşəbbüskarı olub”.
Səfir, həmçinin Vaşinqton razılaşmalarının tam şəkildə həyata keçiriləcəyinə ümid etdiyini əlavə edib.
Bununla belə, Ağayev son maneə - Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsinə də toxunub: “Ümid edirik ki, sülh müqaviləsini rəsmi olaraq imzalamaq üçün bu da aradan qaldırılacaq”.
Xatırladaq ki, N.Paşinyan dekabrın 9-da Berlinə səfər edib. (Qafqazinfo)