"Onların hər biri gec-tez məhkəmə qarşısına çıxarılacaq" - Deputat

"Onların hər biri gec-tez məhkəmə qarşısına çıxarılacaq" - Deputat Siyasət

1998 və 2001-ci illərdə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən təqdim edilmiş məktublarda adı keçən və sağ olduğu təsdiqlənən Ermənistanda əsirlikdə olan 54 azərbaycanlı qətlə yetirlib. Bu barədə Azərbaycan Ombudsmanı Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabatda öz əksini tapıb. 

Qeyd olunub ki, onlardan sadəcə 17 nəfərinin nəşi qaytarılıb, 6-sı qadın olmaqla, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, nəşləri qaytarılmayıb, 4 nəfərin sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməyib.

Mövzu ilə bağlı News24.az-a danışan millət vəkili Aydın Mirzəzadə bildirib ki, ermənilərin Birinci Qarabağ müharibəsi dövründə və ondan sonra azərbaycanlılara qarşı törətdikləri cinayətlər dünya tarixində ən ağır cinayətlərdən biri hesab edilə bilər.

“Vaxtilə köçürüldükləri torpağın yerli sakinlərinə qarşı onlar canilərin etdiklərindən də ağır cinayətlər törədiblər. Bunların içərisində əsir götürdükləri insanların sonra qətlə yetirilməsi məsələsi də var. Zaman keçdikcə biz onların bu cinayətləri barəsində daha dəqiq faktlar əldə edirik, yeni cinayətlər üzə çıxır. Bütün bunlar Azərbaycanın hakimiyyət orqanları tərəfindən toplanılır və həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət məlumatlandırılır”. 

A. Mirzəzadə qeyd edib ki, hər bir cinayət hadisəsi ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi açılır və üstündən xeyli müddət keçdikdən sonra belə həmin cinayətkarlar cəzalarını alırlar: 

“Necə ki, vaxtı ilə cinayət törətmiş Vaqif Xaçaturyan bu gün Azərbaycan hüquq mühafizə orqanları qarşısında ifadələr verir, vaxtilə Azərbaycan bayrağını təhqir edən, beyinləri çirkin erməni ideologiyası ilə dolu olan erməni gəncləri saxlanılıblar. Yəni heç bir cinayət gizli qalmır və gec-tez onların üstü açılır. Mütəmadi olaraq, həm Ermənistanda, həm də bu gün Qarabağ iqtisadi zonasında yaşayan erməni sakinlərin nümayəndələri bildirirlər ki, Azərbaycan hakimiyyət orqanlarında yüzlərlə erməninin adı var. Bunlar sadəcə erməninin adı deyil, konkret cinayət törətmiş ermənilərin adlarıdır. Onların hər biri gec-tez Azərbaycan məhkəməsi qarşısına çıxarılacaq. Dünya da ermənilərin dinc sakinlərə qarşı törətdiyi ağır cinayətlərin şahidi olacaq. Bunlar heç bir zaman unudulmayacaq. İlk növbədə Azərbaycan xalqı bunu unutmayacaq”.

Akqabay Mıradov