"Onların kökü xaricdən qaynaqlanır" - Hulusi Kılıçdan önəmli açıqlamalar
Siyasət
"Ötən ayın sonunda Türkiyədə sosial şəbəkələrdə Azərbaycana qarşı əsassız, təməlindən yanlış, yersiz və məlumatsızlığa söykənən bir kampaniya başladılıb. Bu kampaniyanın guya Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclası zamanı Netanyahu çıxış edərkən Azərbaycanın gənc diplomatının zalda qalması ilə bağlı olduğu iddia edilib. Digər bir səbəb kimi isə Azərbaycanda orta məktəblərdə hicaba qadağa qoyulması göstərilib".
Bunu News24.az-a açıqlamasında sabiq səfir, İMZA İB Türkiyə təmsilçisi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin üzvü Hulusi Kılıç deyib. Onun sözlərinə görə, Azərbaycan müstəqil və suveren dövlətdir, daxili və xarici siyasətlə bağlı qərarlarını özü verir:
"Kənardan heç kimin bu məsələlərə müdaxilə etmək hüququ yoxdur, buna həddi də çatmaz. Bu baxımdan, kampaniyanın pis niyyətlə başladıldığı və Türkiyə-Azərbaycan münasibətlərinə zərər vurmaq məqsədi daşıdığı görünür. Həmçinin bu kampaniyanın təşkilatlanmış şəkildə davam etdirildiyi müşahidə olunub. Təbii ki, Azərbaycanda da bu hücumlara qarşı sosial şəbəkələrdə cavab verilib. Lakin bu, arzuolunmaz vəziyyətdir. Çünki Türkiyədə bu cür paylaşımlar edən insanlar bizimlə eyni düşüncəni bölüşmürlər. Onların kökləri xaricdən qaynaqlanan qüvvələrə söykənir. Təəssüf ki, bu proses hər iki ölkənin ictimaiyyətində ciddi narahatlıq yaradıb və son iki-üç həftə ərzində xoşagəlməz vəziyyət yaşanıb".
Diplomatın sözlərinə görə, Türkiyədə mühüm postlarda duran vəzifəli şəxslərin açıqlamaları bu kampaniyanın tamamilə yanlış olduğunu göstərir:
"Türkiyədə əvvəlcə hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelikin, daha sonra sabiq Baş nazir və Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının açıqlamaları göstərir ki, Türkiyə dövləti bu kampaniyaya tamamilə qarşıdır. Digər siyasi partiyalar da məsələ ilə bağlı açıqlamalar veriblər. Eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsinin ildönümü münasibətilə Prezidentə göndərdiyi mesaj da Türkiyənin bu kampaniyaya qarşı mövqeyini nümayiş etdirir".
Keçmiş səfir qeyd edib ki, bu cür cəhdlər məqsədinə çata bilməz:
"Çünki Türkiyə-Azərbaycan qardaşlığı son dərəcə güclüdür, dağ kimidir. Bu qardaşlıq bir gündə yaranmayıb, əsrlərə söykənir. Keçmişdə müəyyən çətinliklər yaşansa da, bu gün gəldiyimiz mərhələdə Türkiyə-Azərbaycan qardaşlığı, əməkdaşlığı və həmrəyliyi dünyada nümunə sayıla biləcək səviyyədədir. Ona görə də bu kampaniya əsassız, yersiz və haqsızdır. Azərbaycanda insanlardan bu cür hücumlara qarşı təmkinli olmalarını gözləyirik. Çünki onlara nə qədər çox cavab versəniz, bir o qədər diqqət göstərmiş olursunuz. Belə şəxslərin səviyyəsinə enməmək lazımdır. Türkiyə-Azərbaycan qardaşlığı, qeyd etdiyimiz kimi, Türk dünyası üçün nümunədir. Bu ayın 30-da Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşü Ankarada keçiriləcək. Bu zirvə bir daha göstərəcək ki, Prezidentin iştirakı ilə Türk dünyası getdikcə güclənir və inkişaf edir".
Kılıç bildirib ki, Türk Dövlətləri Təşkilatının yaradılmasında Azərbaycan Prezidentinin böyük əməyi var:
"2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən zirvə görüşündə təşkilatın əsası qoyulub. Buna görə də Türk Dövlətləri Təşkilatının yaranmasında Azərbaycan Prezidentinin xidmətləri böyükdür. Bundan əlavə, İlham Əliyevin 2024-cü il fevralın 14-də Milli Məclisdə andiçmə mərasimi zamanı səsləndirdiyi “Biz bir ailəyik. Mənim bir ailəm var, Türk dünyasıdır. Mənim başqa ailəm yoxdur” fikri də xüsusi əhəmiyyət daşıyır. Gözlənilir ki, builki zirvə görüşü də ötən il Qəbələdə keçirilən görüşdə olduğu kimi, yeni mərhələnin başlanğıcına çevriləcək və mühüm qərarlar qəbul ediləcək. Türkiyə ilə Azərbaycanın qardaş birliyi son dərəcə vacibdir. Gücümüz birliyimizdə, birliyimiz isə gücümüzdədir. Bunu unutmamalıyıq".