Paşinyan Qazax–İcevan yolunu gündəmə gətirdi: Nələr gözlənilir?
Siyasət
İrəvan regional kommunikasiyaların açılması istiqamətində Rusiyaya etibar edərək əməkdaşlığı gücləndirməyə hazırlaşır. Ermənistan baş naziri Nikol Paşinyanın verdiyi məlumata görə, İrəvan bu məqsədlə Moskvaya rəsmi məktub göndərib və prosesin sürətləndirilməsində ümidlidir. Baş nazir Qazax-İcevan yolunun açılmasında istəklidir.
O, həmçinin Ermənistan və Azərbaycan nümayəndələrinin Arazdəyən–Sədərək dəmir yolu hissəsinə səfərini xatırladaraq bildirib ki, Rusiya balansında olan Ermənistan dəmir yollarının Azərbaycan və Türkiyə ilə birləşdirən hissələrinin təmiri həyata keçiriləcək.
Qazax-İcevan yolu Ermənistana taxıl və neft daşıması üçün ən yaxşı yol hesab olunur və bərpa edilməsinin vacibliyi vurğulanır.
Məsələ ilə bağlı News24.az-a danışan politoloq Turan Rzayev bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi uğurla davam edir və bu, region üçün önəmli bir dinamikanın işarəsidir.
"Vaşinqton görüşündən sonra iki ölkə arasındakı əlaqələr müsbət istiqamətdə inkişaf edir. Sülh prosesinin effektiv olması üçün eyni zamanda kommunikasiyaların açılması da vacibdir və bu, gündəmdə duran əsas məsələlərdən biridir. Qazax-İcevan və Arazdəyən–Sədərək dəmir yollarının təmiri həm strateji, həm də regionun kommunikasiyası baxımından böyük əhəmiyyət daşıyır. Bu yollar SSRİ dövründə geniş istifadə olunub, lakin müasir dövrdə onların bərpası xüsusi əhəmiyyət kəsb edir. Çünki bu infrastruktur Azərbaycan məhsullarının Ermənistan bazarına çıxmasına şərait yaradacaq, bu da qarşılıqlı iqtisadi asılılığı gücləndirəcək".
Politoloq əlavə edib ki, iqtisadi əlaqələrin mövcudluğu müharibə ehtimallarını minimuma endirir:
"Bu prinsip ABŞ və Çin kimi böyük dövlətlər arasındakı münasibətlərdə də özünü göstərir. İqtisadi asılılıq səbəbindən bu iki ölkə bir-biri ilə hərbi münaqişəyə girmir. Eyni yanaşma region dövlətləri arasında da tətbiq oluna bilər. Qarşılıqlı iqtisadi maraqların artırılması yalnız sülhün təmin olunmasına deyil, həm də regionun iqtisadi inkişafına töhfə verəcək. Bu proses həm logistik, həm ticarət, həm də siyasi əlaqələrin möhkəmlənməsinə gətirib çıxaracaq. Nəticədə, həm Azərbaycanın, həm də Ermənistanın gələcəkdə daha stabil və qarşılıqlı faydalı əlaqələr qurmaq imkanı yaranacaq".