Paşinyanın qələbəsi: Rusiyanın regionu qarışdırmaq imkanı aradan qalxdı? - ŞƏRH

Paşinyanın qələbəsi: Rusiyanın regionu qarışdırmaq imkanı aradan qalxdı? - ŞƏRH Siyasət

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasının qələbə çalmasıölkənin daxili və xarici siyasət kursunun necə formalaşacağı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Seçkilərin ilkin nəticələri Paşinyanın siyasi mövqeyini gücləndirsə də, bu qələbənin Ermənistan-Azərbaycan münasibətlərinə, sülh prosesinə və regionda formalaşan yeni geosiyasi reallıqlara necə təsir göstərəcəyi əsas suallardan biri olaraq qalır.

Məsələ ilə bağlı News24.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Paşinyanın növbəti parlament seçkilərində qələbə qazanması yaxın perspektivdə Azərbaycanın maraqları baxımından müsbət nəticə kimi qiymətləndirilə bilər:

Onun sözlərinə görə, bu nəticə ilk növbədə Rusiyaya yaxın siyasi qüvvələrin hakimiyyətə gəlməsi və regionda yeni hərbi-siyasi gərginlik yaratması ehtimalını zəiflədir:

“Paşinyan hakimiyyətinin mövqelərini qoruması Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının daha da məhdudlaşmasına səbəb ola bilər. Eyni zamanda bu nəticə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması perspektivlərini genişləndirir. Ermənistan Konstitusiyasının yeni mətninin hazırlandığı bildirilir və ehtimal olunur ki, yaxın aylarda referendum keçirilərək əsas qanuna dəyişikliklər edilməsinə cəhd göstəriləcək. Əgər bu proses uğurla başa çatsa və Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırılsa, sülh sazişinin imzalanması qarşısında ciddi maneələr qalmaya bilər".

Politoloq qeyd edib ki, ilin sonunadək Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması ehtimalı da artır:

"Bundan başqa, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində yeni imkanlar yaranır. Paşinyanın son açıqlamalarında Moskva, Vaşinqton və Brüssellə yanaşı, Bakıya da səfər etmək niyyətində olduğunu bildirməsi diqqət çəkir. Bu, Ermənistan rəhbərliyinin Azərbaycanı region üçün vacib tərəfdaş kimi gördüyünü göstərir. Eyni zamanda Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyətini davam etdirməsi də regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır.

Cənubi Qafqaz üçün strateji əhəmiyyət kəsb edən nəqliyyat və kommunikasiya layihələrinin, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı təşəbbüslərin reallaşma ehtimalı da artır. Əgər Paşinyan hakimiyyəti bu istiqamətdə israrlı mövqe nümayiş etdirər və əldə olunmuş razılaşmaların icrasını təmin edərsə, regionda yeni iqtisadi və siyasi imkanlar formalaşa bilər. Nəticə etibarilə, Paşinyan hakimiyyətinin mövqelərini qoruması həm Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, həm də bütövlükdə Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi baxımından daha pozitiv ssenari kimi qiymətləndirilə bilər”, - deyə o bildirib.