Prezident İlham Əliyev Slovakiyada rəsmi səfərdədir

Prezident İlham Əliyev Slovakiyada rəsmi səfərdədir Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyaya rəsmi səfər edib.

News24.az xəbər verir ki, Bratislava şəhərinin Milan Ştefanik adına Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısını Slovakiya Respublikası Prezidenti Aparatının rəhbəri Peter Vodraşka və digər rəsmi şəxslər qarşılayıblar. Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirilib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycanın nümayəndə heyətinin üzvləri Prezident Peter Pelleqriniyə, Slovakiyanın nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim edilib.

Dövlət başçıları birgə foto çəkdiriblər. Prezident İlham Əliyev xatirə kitabını imzalayıb.

Daha sonra Bratislavada Azərbaycan və Slovakiya Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri olub.