Prezident: Minsk qrupunun həmsədrlərinin məqsədi münaqişəni həll etmək deyildi

Prezident: Minsk qrupunun həmsədrlərinin məqsədi münaqişəni həll etmək deyildi Siyasət

"Minsk qrupunun həmsədrlərinin məqsədi münaqişəni həll etmək deyildi".

News24.az xəbər verir ki, bunu Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.

“Bu gün dünyada baş verənlərə baxdıqda – yeni gərginlik ocaqlarının yaranması və davam edən uzunmüddətli münaqişələr – bunların beynəlxalq münasibətlər sisteminə ciddi təhlükə yaratdığını görürük. Bu, həm də beynəlxalq hüquq üçün təhlükədir. Çünki beynəlxalq hüquq və qaydalar pozulduqda, dövlətlərin ərazi bütövlüyü tapdalandıqda və beynəlxalq təşkilatların qətnamələri nəzərə alınmadıqda dünya nizamı sarsılır. İşğala məruz qalmış, etnik təmizləmə və soyqırımı yaşamış, lakin sonradan öz suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc yolu ilə bərpa etmiş və daha sonra məğlub olmuş düşmənə sülh təklif etmiş bir ölkənin təcrübəsi, məncə, beynəlxalq ictimaiyyətlə bölüşülə biləcək mühüm təcrübədir. Mən dəfələrlə qeyd etmişəm ki, biz Ermənistanla sülhə yalnız kağız üzərində nail olmamışıq. Yeddi ay əvvəl sülh sazişi paraflanıb və birgə bəyannamə qəbul olunub. Eyni zamanda, biz real sülh şəraitində yaşayırıq. Sərhəddə vəziyyət sakitdir, artıq atışmalar yoxdur, qurbanlar və itkilər yoxdur. Biz müxtəlif istiqamətlərdən Ermənistana malların daşınmasına qoyulan bütün məhdudiyyətləri aradan qaldırmışıq. Hətta Ermənistanla ticarətə başlamışıq. Onlar üçün həyati əhəmiyyət daşıyan neft məhsullarını ixrac etməyə başlamışıq və bununla da uzunmüddətli deyil, əbədi sülhə sadiq olduğumuzu nümayiş etdiririk. Bu, bizim strategiyamız və siyasətimizdir. Bu, həm də bir daha göstərir ki, Azərbaycan sülhsevər ölkədir. İkinci Qarabağ müharibəsi və sonrakı antiterror əməliyyatı zamanı bizi ittiham edənlər ya uzaqgörən deyildilər, ya da qərəzli idilər. Çünki etdiklərimiz beynəlxalq hüquqa tam uyğun idi. Biz sülhə nail olmaq üçün gücdən istifadə etdik və bu gün bunu praktikada nümayiş etdiririk. Bəzən belə addımlar atmaq lazım olur. Xüsusilə də haqlı olduğunuzdan tam əmin olanda, sizə qarşı çıxanları, maraqlarınıza zərər vermək istəyənləri nəzərə almamalısınız. Həmçinin müharibə şəraitində olan ölkələrlə bölüşə biləcəyimiz bir mühüm təcrübə də var. Biz Ermənistanla sülhə nail olarkən israr etdik ki, vasitəçilər olmasın. 28 il davam edən ATƏT-in Minsk qrupunun vasitəçiliyi faktiki olaraq uğursuzluq idi. Həmsədrlərin məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq və hər iki ölkəyə təsir rıçağı kimi istifadə etmək idi. Buna görə də qərara gəldik ki, bu “vasitəçilikdən” imtina etməliyik. Bu, sadəcə nəzəriyyə deyil, real təcrübədir. Biz bunu yaşamışıq və bu gün də nəticələrini görürük. Buna görə də düşünürəm ki, mövcud münaqişələrin həlli yolları axtarılarkən bu təcrübə mütləq nəzərə alınacaq”, - dövlət başçısı qeyd edib.