"Qarabağı tərk edən ermənilərin ora qayıdışı sülhə təhlükə yarada bilər"

"Qarabağı tərk edən ermənilərin ora qayıdışı sülhə təhlükə yarada bilər" Siyasət

“Qarabağı tərk etmiş ermənilərin mümkün qayıdışı Bakı və İrəvan arasında qurulmuş sülhə təhlükə yarada bilər”. —

News24.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən “Sülhün qurulması və çoxtərəfli əməkdaşlıq” adlı Beynəlxalq Forumda çıxışı zamanı bildirib.

“Qarabağdan köçürülmüş bacı və qardaşlarımızın geri qayıtması məsələsini sülh üçün risk hesab edirəm. Mən həmçinin bildirmişəm ki, bu mövzu ümumiyyətlə təhlükəlidir, çünki o, münaqişənin ilkin parametrlərinə qayıtmaq deməkdir”, – deyə Paşinyan vurğulayıb.

Ermənistanın baş naziri həmçinin 2024-cü ildə Ermənistan–Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanmasını uğurlu hadisə adlandırıb.

“Mənim tapşırığımla Ermənistan dövlət qurumları vətəndaş cəmiyyəti nümayəndələrinin, ziyalıların, siyasi və partiya xadimlərinin, bəzən diaspor nümayəndələrinin Tavuş vilayətinin Kirants hissəsində və ona bitişik ərazilərdəki sərhəd bölgəsinə səfərlərini təşkil edirlər ki, sülh gündəliyi dedikdə nəyi nəzərdə tutduğumuzu yerindəcə göstərsinlər”, – deyə Paşinyan qeyd edib.

Baş nazir əlavə edib ki, orada onlara göstərilənlər barədə heç bir mənfi rəy olmayıb.

“Bu, çox vacib bir uğur hekayəsidir və onun davamı da oldu. 2024-cü ildə Ermənistan və Azərbaycan delimitasiya komissiyalarının fəaliyyətinə dair Reqlament imzaladılar və bu sənəd hər iki ölkədə ratifikasiya olundu. Əslində, bu, Ermənistan və Azərbaycan arasında hər iki ölkədə hüquqi qüvvəyə malik ilk ikitərəfli beynəlxalq sənəddir”, – deyə Paşinyan bildirib.