"Qazaxıstanın müstəqilliyini təhdid edən çağırışlar ciddi narahatlıq yaradır" - -ŞƏRH

"Qazaxıstanın müstəqilliyini təhdid edən çağırışlar ciddi narahatlıq yaradır" - -ŞƏRH Siyasət

Qazaxıstan yenə diqqət mərkəzindədir. Hər kəs KTMT hərbi kontingentinin müdaxiləsindən sonra qurumun ölkə ilə bağlı iclasının nəticələrini səbirsizliklə gözləyir. Bəs, görəsən, iğtişaşların yatırılmasından sonra hadisələr necə cərəyan edəcək? Qazaxıstanı bundan sonra nələr gözləyir?

Bununla bağlı News24.az-ın suallarını millət vəkili Fazil Mustafa cavablayıb.


Onun sözlərinə görə, Qazaxıstanda vəziyyət kritik olaraq qalır: “Orada başlayan iğtişaşlar müəyən dərəcədə bütün şəhərlərdə dağıntılarla müşayiət olundu. Təxribatçı qüvvələr dinc nümayişə çıxan və  sosial tələblər səsləndirən insanların normal niyyətlərini puça çıxardılar. Bu da imkan verdi ki, həmin qüvvələrə qarşı zorakılıq tətbiq olunsun. Baş verənlərölkə üçün böyük maddi və psixoloji ziyana səbəb oldu. Qazaxıstan rəhbərliyi də bu problemin içəridə çözülməsi yoluna baş vurmadı. Birbaşa Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etdi. Bu müraciət nəticəsində də başqa ölkələrin qoşunları, xüsuslə də Rusiya başda olmaqla bu ölkəyə daxil oldu. Hazırda ölkədə terrorçuları zərərsizləşdirmək adı ilə qazax insanına, dinc əhaliyə qarşı da müəyyən  zorakılığın tətbiq olunması xəbərləri gəlməkdədir. Bu, Qazaxıstanın bütövlükdə gələcəkdə müstəqil qərarlar vermək imkanını məhdudlaşdıran bir addım idi. Bu ölkəni çox ciddi sınaqlar gözləyir. Orta Asiyada ən inkişaf eləmiş bir dövlət olaraq əslində Qazaxıstanın bu cür hadisələri yaşamaması daha arzuolunandı. Çünki Qazaxıstan həm iqtisadi inkişaf, həm də müəyyən demoqrafik dəyişiliklər baxımından çox fərqli bir vəziyyətə gəlib çıxdı. Bu da siyasi böhranın Qazaxıstanda kifayət qədər dərinləşəcəyini göstərir. Hətta bu qüvvələr vasitəsilə orda olan hadisələrin yatırılması belə gələcəkdə Qazaxıstanda iç savaşın, vətəndaş qarşıdurmasının, vətəndaş etinasızlığının geniş şəkildə öz təsirini göstərəcəyini proqnozlaşdırmağa əsas verir”.

Millət vəkili təəssüflə qeyd edib ki, Qazaxıstanda bu məsələnin dialoq yolu ilə çözülməsi baş tutumadı: “Rusiyanın  müdaxiləsindən sonra onun ayrı-ayrı ünsürləri tərəfindən Qazaxıstanın müstəqilliyini təhdid edən çağırışların edilməsi də məsələnin olduqca təhlükəli  məcraya yönəldiyini göstərir. Xüsusilə də, Jirinovskinin açıqlamalarında açıq-aşkar işğalçı ton özünü ifadə edir. Bu da Qazaxıstanın gələcəyi üçün böyük narahatlıq yaradan əsas amillərdən biridir. Çünki Qazaxıstan türk birliyinə daxil olan önəmli ölkələrdən biridir. Həmən platformada da Qazaxıstanın mövqeyinin zəifləməsinin şahidi olacağıq. Bu ölkəyə ciddi ziyan dəydi. Psixoloji ziyanı isə uzun illər yəqin ki, ortadan qaldırıla bilməyəcəklər. İndi sabitliyin yaranmasını hamı istəyir, amma bu prosesin Qazaxıstanın müstəqilliyinə xələl gəlmədən başa çatması daha arzuolunandır”.

Millət vəkilinin fikrincə, gedişat onu göstərir ki, Qazaxıstan artıq öz iradəsinə uyğun olmayan birlik modelinə doğru yönləndirilə bilər: "Bu da ittifaq dövləti - keçmiş SSRİ-nin bərpası istiqamətində çalışmalara uyğun bir formatdır. Bu tendensiya Orta Asiyada yenidən zorakılığın, işğal elementlərinin bərpa olunmasına gətirib çıxaracaq. Bütün hallarda Qazaxıstan bizim üçün qardaş ölkədir. Və qardaş ölkənin problemlər yaşamasını heç birimiz arzulamırıq. Amma bu siyasi böhran kifayət qədər ciddi nəticələri ortaya qoyur. Xüsusilə də, Nazarbayevin illərdir qurub düzənlədiyi bir dövlət modeli bu gün fərqli istiqamətdə daha zəifləmiş formada özünü biruzə verəcək. İndiki Qazaxıstan rəhbərliyinin də bundan sonra hansı siyasət izləyəcəyini  müstəqilliyi qoruma baxımından narahatlıq yaradır. Qazax cəmiyyətində də bu narahatlıq var. Amma bütün hallarda Azərbaycan müstəqil dövlət kimi Qazaxıstanı dəstəklənmək siyasətini bundan sonra da davam etdirməlidir. Eləcə də, Qazaxıstan hadisələrindən də ibraət götürməliyik. Hər hansı şəkildə müstəqilliyi təhdid edən hansısa formatın baş tutmasına imkan yaratmaq olmaz. Azərbaycanda da insanlar daha məsuliyyətli davranmalıdırlar ki, bu cür hadisələrin, bəhanələrin verilməsi mümkün olmasın və hər hansı işğalçı qüvvəninin təhdidi ilə üz-üzə qalmayaq”.