“Ərazi bütövlüyümüzü bərpa etdik, daha sonra isə sülhə nail olduq” - Prezident

“Ərazi bütövlüyümüzü bərpa etdik, daha sonra isə sülhə nail olduq” - Prezident Siyasət

Ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, daha sonra isə sülhə nail olduq”.

News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.

“Ermənistanla sülh mövzusuna və ondan əvvəlki 30 illik münaqişə dövrünə qayıdaraq demək istərdim ki, ölkə və xalq olaraq biz çox ağır dövrlər yaşamışıq. Ərazilərimizi itirmişik, bir milyon insan evsiz və məcburi köçkün vəziyyətinə düşmüşdü. Lakin biz ümidimizi itirmədik. Ədaləti, beynəlxalq hüququ və suverenliyimizi bərpa etmək iradəmizi itirmədik. Bu, 30 ilimizi aldı. Yəni 30 il əvvəl, 20 il əvvəl, 10 il əvvəl və indi beynəlxalq institutların davranışı dəyişmədi. Dəyişən biz olduq. Biz problemlərimizi kimsənin gəlib bizim yerimizə həll edəcəyinə inanmağı dayandırdıq. Beynəlxalq vasitəçiliyə bağladığımız bütün ümidlər tamamilə puç oldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, ən ali beynəlxalq qurum Ermənistan qoşunlarının ərazilərimizdən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdi. Bu qətnamələr kağız üzərində qaldı. ATƏT və digər beynəlxalq institutlar çoxsaylı sənədlər qəbul etdilər. Lakin vəziyyət yalnız biz onu öz əlimizə aldıqdan sonra dəyişdi. Biz bunu etdik. Ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, daha sonra isə sülhə nail olduq”,- deyə Azərbaycan Prezidenti vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, 30 il əziyyət çəkmiş bir ölkənin lideri üçün doğru zamanda dayanmaq son dərəcə məsuliyyətli və vacib qərardır: “Biz münaqişəni davam etdirə bilərdik. Mən bunu açıq şəkildə demək istəyirəm. Lakin bu, sonsuz müharibələrə gətirib çıxarardı. Daha çox əzab, daha çox qurban demək olardı. Müharibə heç vaxt bitməzdi. Kimsə bu prosesi dayandırmalı idi. Biz də onu dayandırmaq qərarına gəldik. Bu, Ermənistan və Azərbaycan rəhbərliyinin müharibə səhifəsini bağlamaq və sülh imkanlarından istifadə etmək barədə birgə qərarı idi”.