"Rusiya 2020-ci ildə Ermənistanı tək qoyub"
Siyasət
"Rusiya ən azı 2020-ci ildə Ermənistanı tək qoyub".
News24.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində bildirib.
İrəvanda keçirilən sammit fonunda Ermənistan–Rusiya münasibətlərinin pisləşməsi ehtimalı ilə bağlı suala cavab verən Simonyan belə bir sualla çıxıç edib: “Ermənistan öz maraqlarını güdərək daim Rusiyanın narazı olub-olmayacağını düşünməlidir? Düşünürəm ki, bu düzgün deyil”.
Simonyan əlavə edib ki, Rusiya öz maraqlarını güdərkən, Ermənistanın maraqlarını pozub-pozmamasından asılı olmayaraq, onlarla maraqlanmır. Simonyanın sözlərinə görə, Ermənistan yalnız öz maraqlarını və öz təhlükəsizliyini təmin edir.
“Biz Azərbaycanla müharibə vəziyyətində olduğumuz zaman Rusiya Azərbaycana silah satırdı və onunla müttəfiqlik münasibətlərində idi. Dövlətlərin müstəqilliyindən danışırdı. Bəs Ermənistan kölə olaraq qalmalıdır? Ona kimlə salamlaşmalı, kimlə salamlaşmamalı olduğunu diktə etməlidirlər? Əgər salamlaşsa və ya qonaq qəbul etsə, inciməlidirlər? Bu necə olur?”, - deyə Simonyan bildirib.
Ermənistanın Rusiyadan iqtisadi asılılığının artması ilə bağlı suala cavabında Simonyan sərt danışmaq istəmədiyini deyib, lakin “asılılıq nədir?” sualını qaldırıb.
Onun sözlərinə görə, ya ölkə diz üstə, kiminsə – istər Rusiya, istər Fransa, istərsə də başqa bir gücün təsiri altında yaşayır, azad seçkilər və azad media olmur, ya da kiçik ölkə müharibəsiz, düşmənçilik olmadan, siyasi və ya digər hücumlarsız şəkildə öz taleyinin sahibi olmağa çalışır. O, bunu başqa “böyük qardaş”ı digəri ilə əvəz etməmək və azadlıqlarını itirməmək kimi izah edib.
Simonyan əlavə edib ki, keçmişdə “Ermənistan diz üstə idi”, çünki prezident seçkiləri saxtalaşdırılırdı, Moskvanın bəzi hallarda Mərkəzi Seçki Komissiyasının açıqlamasından əvvəl təbrik mesajları göndərməsi bunu göstərirdi. Onun sözlərinə görə, Rusiya burada “nümayəndə” təyin edirdi, bir çox rəhbər təyinatlar onunla razılaşdırılırdı, siyasi xətt də bu ölkə ilə uzlaşdırılırdı.
“Bu siyasi müstəqillik idimi? 2018-ci ilə qədər müstəqillik yox idi”, - deyə Simonyan bildirib.