“Rusiyanın müharibəni dayandıracağı inandırıcı deyil" - Politoloq

“Rusiyanın müharibəni dayandıracağı inandırıcı deyil" - Politoloq Siyasət
“Hazırda Ukrayna-Rusiya danışıqlarının pozitiv nəticələr verə biləcəyini söyləmək çox çətindir”.

Bu fikirləri politoloq Elçin Mirzəbəyli News24.az-a Rusiya-Ukrayna münasibətlərinin gedişatını şərh edərkən deyib.

O bildirib ki, hər iki ölkə rəsmilərinin açıqlamalarından tərəflərin mövqelərində müəyyən yaxınlaşmaların olduğu barədə üçüncü tərəflərin mülahizələrinə baxmayaraq, uzlaşma nöqtələrinin tapılmasının mümkün olmadığı görünür: “Çox güman ki, razılaşmalar, əsasən humanitar məsələlərlə bağlıdır və vasitəçiliyə can atan ölkələrin təmsilçiləri öz mülahizələriylə danışıqlar prosesi ətrafında pozitiv fon yaratmağa çalışır, ən azından təmasların davam etməsi üçün dialoq mühitinin qorunub saxlanılmasına cəhd göstərirlər. Lakin indiki şəraitdə və şərtlər daxilində Rusiyanın geriyə çəkiləcəyi inandırıcı görünmür”.

Politoloq qeyd edib ki, Moskva müharibəyə, hətta “nə qalib, nə də məğlub” prinsipi ilə son qoymaq istəmir: “Burada söhbət Rusiyanın son 14 il ərzindəki iddialarından və beynəlxalq münasibətlər sistemində özü təssvüründə müəyyənləşdirdiyi yerinin qorunmasından və daxili siyasətdəki, xüsusilə də ideoloji müstəvidəki maraqlarından gedir. Rusiyanın daxili siyasətinin prioritetlərini “ölkəni parçalamağa, rus xalqını məhv etməyə hazır olan çoxsaylı xarici düşmənlər”ə qarşı “güclü dövlət”, “güclü ordu” anlayışları təşkil edir. Rus insanına son 14 il ərzində aşılanan və Qərbin zəif iradəli liderlərinin davranışları fonunda ideoloji təsir gücünü daha da artıran “məğlubedilməzlik”, “xilaskarlıq” sindromu əsas birləşdirici faktor rolunu oynayıb. Rusiyanın müharibədən “məğlub”, yaxud “heç-heçə” durumunda çıxması bu faktoru sarsıda,    hakimiyyətin ideoloji silahını sıradan çıxara və cəmiyyəti parçalaya bilər. Məhz bu səbəbdən də Rusiya hakimiyyəti ən azından cəmiyyətə “biz qalib gəldik” mesajını verə biləcək reallığa yaxın nəticə əldə olunana qədər müharibəni davam etdirəcək”.

“Rusiyanın hərbi gücü mifinə gəldikdə isə, bu mif çoxdan dağılıb” deyən Elçin Mirzəbəyli həm Suriyada, həm də İkinci Qarabağ müharibəsində Rusiya hərb maşınının köhnəldiyini sübuta yetirəcək çoxsaylı faktlar olduğunu diqqətə çəkib: “Lakin buna baxmayaraq, Rusiya kəmiyyətə üstünlük verərək, çoxsaylı itkilər, dağıntılar bahasına olsa da belə öz geosiyasi iddialarını davam etdirir. Belə vəziyyətdə onu geriyə çəkilməyə vadar edə biləcək xarici və daxili faktorlar da göz qabağındadır. Rusiya üçün müharibədə nə qədər itki verəcəyinin heç bir önəmi yoxdur, əsas nəticədir. Çünki Rusiya insanına hətta ən ağır itkilər bahasına başa gəlsə də belə, nəticəni “yedirtmək” mümkün olacaq. Bu baxımdan Rusiyanın müharibədən öz daxili ideoloji təbliğatında istifadə edə biləcəyi “Pirr qələbəsi” ilə çıxacağını düşünürəm”.