Sülh müstəqilliyimiz üçün çatışmayan əsas amil idi - Paşinyan

Sülh müstəqilliyimiz üçün çatışmayan əsas amil idi - Paşinyan Siyasət

"Bu il Respublika Gününü biz tamamilə yeni tarixi şəraitdə qeyd edirik. Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında təxminən 35 illik münaqişədən sonra sülh bərqərar olub”.

News24.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən hərbi parad zamanı deyib.

“Sülh Ermənistan Respublikasının müstəqilliyinin qorunması və inkişafı üçün çatışmayan əsas amil idi. Məhz sülhün olmaması 1918-ci ildə müstəqilliklərini birlikdə elan edən Cənubi Qafqazın üç ölkəsinin 1920-ci ildə bir-birinin ardınca müstəqilliyini itirməsinin əsas səbəbi oldu.

Bu gün biz Birinci Respublika dövründən qalan dövlətin “müvəqqətilik” kompleksini aradan qaldırırıq və dövlətin davamlılığı gündəmini qəbul edirik. Biz bunu "Ermənistan dövləti əbədi mövcud olmalıdır" məntiqilə edirik.

Bərqərar olmuş sülh, onun gələcək institusionallaşdırılması, inkişafı və dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi bizim strateji prioritetlərimizdir.

Bu gün Ermənistan Respublikasının ordusu müharibə amili deyil, sülh amilidir, çünki müdafiə qabiliyyətli və güclü ordusu olmayan ölkə təcavüz üçün cəlbedici ola bilər.

Bu gün biz Ermənistan Respublikasının yeni ordusunu təqdim edirik — yeni silahlarla, yeni forma və yeni ideologiya ilə.

Bu ideologiyanın əsas xətti belədir: ordunun yeganə vəzifəsi Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisini müdafiə etməkdir və bizim ordu beynəlxalq səviyyədə tanınmış ərazilərdən kənarda istifadə olunmamalıdır. Yalnız beynəlxalq müqavilələr əsasında həyata keçirilən sülhməramlı missiyalar istisna təşkil edir.

2022-ci ilə qədər beynəlxalq silah və hərbi texnika bazarları əsasən, Ermənistan Respublikası üçün bağlı və ya çətin əlçatan idi, çünki beynəlxalq tərəfdaşlar Ermənistana silah satmaqdan imtina edirdilər və bunu belə əsaslandırırdılar ki, Ermənistan bu silahı öz beynəlxalq səviyyədə tanınmış ərazilərindən kənarda istifadə edəcək.

Yalnız 6 oktyabr 2022-ci ildə Praqada əldə olunan razılaşmalardan sonra Ermənistan və Azərbaycan 1991-ci il Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıdıqdan sonra beynəlxalq silah bazarı Ermənistana açıldı.

Bu gün keçirilən parad-hesabatda sırada təxminən 7 ölkədə istehsal olunmuş silah və hərbi texnika nümayiş olunacaq və bu hərbi-texniki əməkdaşlıq coğrafiyası “real Ermənistan” ideologiyasına əsaslanan siyasətin nəticəsidir.

Paradın mühüm istiqamətlərindən biri də Ermənistan Respublikasında istehsal olunmuş silah və hərbi texnikadır ki, bu gün onlar beynəlxalq bazarda sabit mövqe tutmağa doğru ilk, amma inamlı addımlarını atırlar.

Ermənistan Respublikası ordunun tarixindən dərs çıxarıb” – deyə Paşinyan bildirib.