Trampdan Zelenskiyə xəbərdalıq: "Ölkənizi məhv edəcəklər"
Siyasət
ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü zamanı onu münaqişəyə son qoymaq üçün Rusiyanın şərtlərini qəbul etməyə çağırıb və Ukraynanın məhv edilə biləcəyi barədə ona xəbərdarlıq edib.
News24.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp Ukraynaya uzaqmənzilli “Tomahawk” raketlərinin verilməsindən imtina edib. Mənbələrin bildirdiyinə görə, ABŞ prezidenti Volodimir Zelenskiyə, - “əgər razılaşma olmazsa, ölkənizi məhv edəcəklər”, - deyib.
Qəzet yazıb ki, prezidentlər arasında söhbət bir neçə dəfə mübahisəyə çevrilib. Bu anlardan birində Donald Tramp döyüş xəttini göstərən xəritəni kənara ataraq, Ukraynanın Donbası tam şəkildə Rusiyaya verməli olduğunu israrla bildirib.
“Financial Times” qeyd edib ki, Donbasın qalan hissəsindən imtina Kiyev üçün qəbuledilməzdir və Volodimir Zelenski görüşdən son dərəcə mənfi əhvalda ayrılıb.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp və Rusiya prezidenti Vladimir Putinlə Budapeştdə görüş keçirmək barədə razılığa gəliblər. Trampın sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrov artıq danışıqlar üçün hazırlığa başlayıblar.