Uğurlu gənclər siyasəti parlaq gələcəkdir
Siyasət
2 fevral Gənclər günü ilə bağlı Azərbaycanda bir sıra tədbirlər keçirilir. Dünən prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən bir sıra gənclətə prezident mükafatı verildi. Bəs Azərbaycan dövlətinin gənclər siyasəti bundan sonra necə olacaq?
Məsələ ilə bağlı News24.az saytının suallarını cavablandıran Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini, deputat Şahin İsmayılov bildirdi ki, dövlət başçısı fevralın 1-də 2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında imzaladığı sərəncam müxtəlif sahələrdə xüsusi fərqlənən 10 nəfəri əhatə edir. Deputat qeyd etdi ki, ilk dəfə 2014-cü ildə təqdim olunan mükafat bu günə qədər onlarla gənci əhatə edib.

“Vətən müharibəsindən sonra “Gənclər üçün Prezident mükafatı” ilə təltif olunanların siyahısında müharibə iştirakçılarını da görürük. Düzdür, ölkə Prezidenti müharibə iştirakçılarının müxtəlif medal və ordenlərlə təltif edilməsi ilə bağlı sərəncamlar imzalayıb, onları təltif edib. Lakin, bu sırada da həmin kateqoriyadan olan gənclərin yer alması xüsusi məna daşıyır”.
Dövlətin gənclərlə bağlı siyasətində gözlənilən dəyişikliyə isə deputatın cavabı belə oldu:
“Dövrün müasir çağırışlarına uyğun olaraq gənclərin özünü inkişaf etdirməsi üçün müxtəlif dövlət proqramlar icra olunur. Bu proqramlar demək olar ki, bütün sahələr üzrə gənclər üçün geniş imkanlar yaradır. Xaricdə təhsil, sosial dəstək, könüllülük fəaliyyəti, kadr potensialının artırılması kimi məsələlər hər zaman diqqətdə saxlanılır”.
Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz digər deputat Vüqar İsgəndərov isə bildirdi ki, Ümumiliderin gənclərə ən böyük qayğısı məhz 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması oldu. Deputat vurğuladı ki, həm Heydər Əliyevin, həm də İlham Əliyevin dövründə gənclərə göstərilən diqqət və qayğı yüksək səviyyədə olmuşdur.

“Azərbaycan dövləti gənclərin milli – mənəvi ruhda tərbiyyə edilməsi istiqamətində nə lazımdırsa edir. “Sərhədçi“ idman oyunları və digər oyunlar gənclərdə uşaqlıqdan milli ruhun inkişafına xidmət göstərir. Gənclərin layihələrinə verilən dəstək, xaricdə təhsil üzrə dövlət proqramına gənclərin cəlb edilməsi Azərbaycan dövlətinin gənclərlə göstərdiyi yüksək diqqqət və qayğının təzahürüdür".
Zeynal