Vaşinqton-Tehran anlaşması: İranın qələbəsi, yoxsa kapitulyasiya? - ŞƏRH
Siyasət
ABŞ və İran arasında imzalanan anlaşma memorandumunun detalları beynəlxalq siyasi dairələrdə müxtəlif cür qiymətləndirilir. Bir sıra ekspertlər sənədin məzmununun Tehran üçün diplomatik uğur sayıla biləcəyini iddia edirlər. Onların fikrincə, memorandum yalnız İran hakimiyyətinin daxili auditoriyaya hesablanmış təbliğat aləti deyil, eyni zamanda bəzi məqamları ilə Vaşinqtonun əvvəlki sərt mövqeyindən geri çəkilməsi kimi də şərh oluna bilər.
Məsələ ilə bağlı News24.az -a danışan politoloq Əziz Əlibəyli hesab edir ki, hazırkı mərhələdə ABŞ və ya İranın qalib gəldiyini qəti şəkildə söyləmək düzgün deyil:
“Bu prosesdə kimin qalib, kimin məğlub olduğunu demək üçün hələ tezdir. İlk növbədə nəticələrə baxmaq lazımdır. Müharibə başlamazdan əvvəl İranda ciddi ictimai narazılıq mövcud idi və hakimiyyət daxildə müəyyən təzyiqlərlə üz-üzə qalmışdı. Əgər hadisələr fərqli inkişaf etsəydi, bunun ölkədaxili siyasi proseslərə necə təsir göstərəcəyini dəqiq söyləmək çətin olacaqdı. Bu baxımdan bir çox suallar hələ də açıq qalır".
Politoloq qeyd edib ki, mövcud vəziyyətə nəzər saldıqda görünür ki, baş verən hadisələr müəyyən mənada İran hakimiyyətinin mövqelərinin möhkəmlənməsinə xidmət edib:
"Xarici təhdid amili daxildə konsolidasiyanı gücləndirib və hakimiyyətin mövqeyini qoruyub saxlamasına şərait yaradıb. Bunun planlaşdırılmış addım olub-olmadığını söyləmək çətindir, lakin nəticə etibarilə belə bir mənzərə yaranıb. Əldə olunan razılaşmalar çərçivəsində ABŞ şirkətlərinin İran bazarında iştirak perspektivləri də diqqət çəkir. Səsləndirilən rəqəmlərə görə, yüz milyardlarla dollar həcmində iqtisadi layihələrdən söhbət gedir. Burada investisiya anlayışına sadəcə maliyyə yardımı kimi baxmaq düzgün deyil. Əsas məsələ İranın yenidən qurulması prosesində xarici, xüsusilə də Amerika şirkətlərinin iştirak etməsi və bundan iqtisadi gəlir əldə etməsidir”.
Politoloq qeyd edib ki, İranın bu qarşıdurmadan qalib çıxdığını və ya ABŞ-ın məğlub olduğunu iddia etmək üçün kifayət qədər əsas yoxdur.