Yaxın Şərqdə müharibə siqnalı: Qərar verildi, regionun taleyi belə həll olunacaq
Siyasət
Yaxın Şərqdə hərbi gərginlik yenidən pik həddə çatır. ABŞ ordusunun yaxın günlərdə İrana qarşı mümkün hərbi əməliyyata başlamağa hazır olduğu barədə yayılan məlumatlar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb.
Məlumatlara görə, Pentaqon bölgədə hava və dəniz qüvvələrinin sayını əhəmiyyətli dərəcədə artırıb. ABŞ-ın Yaxın Şərqə əlavə döyüş və yanacaqdoldurma təyyarələri göndərdiyi, eləcə də, USS Abraham Lincoln və USS Gerald R. Ford təyyarədaşıyan qruplarının region istiqamətində yerləşdirildiyi bildirilir.
"The New York Times" nəşrinin yazdığına görə, ABŞ-ın bölgədə topladığı hərbi güc 2003-cü ildən bəri ən yüksək səviyyəyə çatıb. Bildirilir ki, əməliyyatın başlanması ilə bağlı yekun qərar Donald Tramp tərəfindən veriləcək və ordunun həftə sonuna qədər tam hazır vəziyyətə gətirilə biləcəyi barədə Ağ Evə məlumat təqdim olunub.
Məsələ ilə bağlı News24.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, regionda mümkün hərbi ssenari təkcə İsrailin qərarı ilə reallaşa bilməz və burada əsas faktor ABŞ-ın mövqeyidir.
"Benyamin Netanyahunun orduya verə biləcəyi istənilən göstəriş ABŞ-ın açıq dəstəyi olmadan genişmiqyaslı əməliyyata çevrilə bilməz. Bu məsələ Netanyahunun orduya əmri ilə həll olunacaq məsələ deyil. Burada ABŞ-ın dəstəyi əsas şərtdir. İsrailin təkbaşına İrana qarşı genişmiqyaslı hücum edəcəyinə inanmıram. Belə bir addım yalnız ABŞ-la koordinasiyalı şəkildə mümkündür. Hazırda Vaşinqtondan bu istiqamətdə konkret siqnal yoxdur və yekun qərar ABŞ prezidentindən asılıdır".
Politoloq qeyd edib ki, hazırda Donald Tramp məsələ ilə bağlı yekun qərar verməyib:
"Böyük ehtimalla, İranla danışıqlar prosesi hələ davam edəcək. Əgər danışıqlar müsbət nəticə verməzsə, o zaman İrana qarşı hansısa addımların atılması məsələsi yenidən gündəmə gələ bilər. Mümkün hərbi ssenari yaxın həftələrdə deyil, daha çox yay aylarında aktuallaşa bilər. Müharibə aparmaq baxımından ən uyğun dövr adətən yay ayları hesab olunur. Keçmiş təcrübələr də göstərir ki, ABŞ İrana qarşı mümkün hərbi əməliyyat planlarında daha çox bu dövrü nəzərdən keçirib. Ola bilər ki, yaya qədər İrana müəyyən vaxt verilsin, diplomatik proseslər davam etdirilsin".
Əmrəliyev əlavə edib ki, İran tərəfi də son dövrlərdə dialoqa açıq olduqlarına dair mesajlar verir. O, həm Məsud Pezeşkian, həm də İran Xarici İşlər Nazirliyinin ABŞ-la danışıqlara hazır olduqları barədə bəyanatlar səsləndirdiyini xatırladıb:
“İran tərəfi açıq şəkildə dialoqa hazır olduqlarını bildirir və mümkün hücumların qarşısını almağa çalışır. Bu fonda İsrailin təkbaşına hərəkət edəcəyini düşünmürəm. Netanyahu, çox güman ki, Vaşinqtonda Trampı hərbi variantın zəruriliyinə inandırmağa çalışacaq. Lakin son qərar ABŞ rəhbərliyindən asılıdır".