Zəngəzur dəhlizinin açılması nə qədər realdır? - VİDEO

Zəngəzur dəhlizinin açılması nə qədər realdır? - VİDEO Siyasət

“Ermənistanla Azərbaycan arasında nəqliyyat-kommunikasiya əlaqələrinin tez vaxtda bərpası imkanları yüksəkdir”.

Bunu RTV-yə açılamasında siyasi şərhçi Anar Əliyev bildirib. 

O vurğulayıb ki, rəsmi Bakı ilə İrəvanın vasitəçilərin iştirakı olmadan, birbaşa dialoqu üçün imkanlar var. Belə bir şəraitdə proqnozlaşdırılan 2029-cu ili gözləmək yox, daha operativ hərəkət etmək həm Ermənistana, həm də regiona mənfəət gətirəcək. Lakin burada Ermənistanın üzərinə düşən ciddi vəzifələr var:

“Ermənistan tərəfinə də kimlərinsə fikirlərinə, Avropadakı himayədarların mövqelərinə baxmayaraq, bu fikirlərdən asılı olmayaraq müstəqil iradə ortaya qoymaq və dəhlizin açılması ilə bağlı dəfələrlə çağırışlar edib. Təəssüf ki, Ermənistan tərəfi hələ ki, praktik addımlarda o qədər də maraqlı deyil. Hesab edirəm ki, Zəngəzur dəhlizi ilə bağlı məsələyə bir neçə prizmadan baxmaq lazımdır. Birincisi, Azərbaycan-Ermənistan milli maraqları, ikincisi bölgə dövlətlərinin maraqları, bölgədən uzaqda yerləşən, amma Cənubi Qafqazda kifayət qədər ciddi maraqları gizlənən dövlətlər baxımından. Bizim yanaşmamız ondan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması ilə Qafqaz irqi, Cənubi Qafqaz ailəsi və nəhayət, Ermənistanın özünü Cənubi Qafqaz ailəsinin bir üzvü kimi aparması formalaşacaq. Ermənistan bir neçə dövlətlə dəmir yolu əlaqəsinə malik olacaq”.

Politoloq regional kommunikasiyaların bərpasında ölkəmizin əldə edəcəyi mənffətə də toxunub. Vurğulayıb ki, bu addım ilk növbədə Naxçıvanın 30 illik blokadasına son qoyacaq. Azərbaycan isə Rusiya və Türkiyədən keçməklə, Orta Asiya regionuna nəqliyyat qapısı əldə edəcək. Onun sözlərinə görə, dəhlizin işə salınmasında əsas maneə Qərbin özüdür:

“Zəngəzur dəhlizinin açılması indiki şəraitdə ABŞ başda olmaqla, kollektiv qərbin maraqlarına uyğun deyil. Zəngəzur dəhlizi açılacaqsa, onun Ermənistan ərazisindən keçən hissəsində nəqliyyatın, yükün və vətəndaşların təhlükəsizliyini Ermənistanın üzərinə buraxmaq istəmirik. Çünki Ermənistan tərəfinin mövqeyini, ermənilərin yanaşmalarını biz tarixdən çox yaxşı bilirik. Ona görə də indiki məqamda üçtərəfli bəyanatın 9-cu bəndinin tələblərinə uyğun olaraq nəqliyyatın, yüklərin və vətəndaşların təhlükəsizliyinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidməti həyata keçirməlidir. Bu da Qərbin maraqlarına uyğun deyil. Azərbaycan Zəngəzur dəhlizinin açılmasının 10 noyabr bəyanatına uyğun olaraq həyata keçirilməsini istəyir. Yəni Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat-kommunikasiya və dəmir yolu xəttində heç bir sərhəd nəzarəti və gömrük xidməti həyata keçirilməməlidir. Ermənistan tərəfi bunu özünün dövlət suverenliyinə təhdid kimi qiymətləndirirdi. Azərbaycan tərəfi açıq şəkildə bəyan etdi ki, üçüncü dövlətin ərazisinə keçiriləcək yüklər sərhəd və gömrük nəzarətindən keçməlidir”.

Qeyd edək ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizi layihəsinin 2028-ci ilə qədər tam şəkildə həyata keçirilə biləcəyini bəyan edib.

Fərid Azəri