Ötən il ölkə əhalisinin sayı 83372 nəfər artıb
    • 18-02-2019, 12:40
    • 1 210

Ötən il ölkə əhalisinin sayı 83372 nəfər artıb

2018-ci ildə ölkə əhalisinin sayı 83372 nəfər və ya 0,8 faiz artaraq 2019-cu il yanvar ayının 1-i vəziyyətinə 9981457 nəfərə çatıb. 

Dövlət Statistika Komitəsindən News24.az-a verilən məlumata görə, Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Cari ilin əvvəlinə ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşayır.

Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 115 nəfər təşkil etmiş və bu göstərici Naxçıvan Muxtar Respublikasında 83, Bakı şəhərində 1064, Lənkəran və  Abşeron iqtisadi rayonlarının hər birində 154, Gəncə-Qazax iqtisadi rayonunda 104, Aran iqtisadi rayonunda 96, Yuxarı Qarabağ iqtisadi rayonunda 93, Quba-Xaçmaz iqtisadi rayonunda 79, Şəki-Zaqatala iqtisadi rayonunda 70, Dağlıq Şirvan iqtisadi rayonunda 52, Kəlbəcər-Laçın iqtisadi rayonunda isə 40 nəfər olub.

Ülkər Qasımova