Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Münhendə səfərdə olub - FOTO
    • 18-02-2019, 17:04
    • 952

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Münhendə səfərdə olub - FOTO

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti fevralın 10-dan 16-dək Almaniyanın Münhen şəhərində səfərdə olub. Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq əlaqələri çərçivəsində təşkil edilmiş səfərin məqsədi “Otlaqların davamlı inkişafı və inteqrasiyalı idarə olunması” layihəsi üzrə peyk şəkillərindən istifadə edilməklə Azərbaycanda otlaqların ilkin qiymətləndirmə xəritəsinin təqdimatı və bu sahədə Almaniya təcrübəsinin öyrənilməsi olub.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən news24.az-a verilən məlumata görə,  nümayəndə heyəti səfər çərçivəsində Almaniya Aerokosmik Mərkəzində, Bavariya Kənd Təsərrüfatı, Qida və Meşəçilik Nazirliyində, Bavariya Aqrar Tədqiqatlar Mərkəzində, Bavariya Ətraf Mühit Nazirliyində, eləcə də təbiəti mühafizə üzrə qeyri hökumət təşkilatları ilə görüşlər keçiriblər. Görüşlərdə nazirliyin mütəxəssisləri ilə Almaniyalı həmkarları arasında kənd təsərrüfatının müxtəlif sahələri üzrə geniş diskussiyalar aparılıb, həmçinin təcrübə mübadiləsinin aparılması və kənd təsərrüfatının müxtəlif sahələri üzrə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşlərdə həmçinin Azərbaycan nümayəndə heyəti ilə yanaşı Gürcüstan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri də iştirak edib. Tədbir iştirakçıları otlaqları praktiki müşahidə etmək üçün bir günlük Alp dağlarının ətəyində yerləşən Karlsruhe Texnologiyalar İnstitutunun “Alpin kampusu”nu da ziyarət ediblər.